Avropadakı mühacirlər yeni mərkəz yaradıblar
29-01-2024 17:21 / Bu xəbər 684 dəfə oxundu
Qənimət Zahid: "Məqsəd Avropada və ABŞ-da dövlət strukturları ilə əlaqələr yaratmaqdır”
Yanvarın 28-də Strastburqda Siyasi Mühacirlərin Koordinasiya Mərkəzinin ilk təsis toplantısı keçirilib.
Bu barədə Meydan TV-yə jurnalist, təşkilatın təsisçilərindən biri olan Qənimət Zahid verib.
Onun sözlərinə görə, təşkilatın məqsədi azərbaycanlı siyasi mühacirləri bir platformada birləşdirmək, Avropada və ABŞ-da dövlət strukturları ilə əlaqələr yaratmaqdır.
Təsis toplantısında 40 nəfərin iştirak etdiyi bildirilir.
Qənimət Zahid qeyd edib ki, təsisçilərdən Anar Orucov, Rauf Mirqədirov və Əfqan Muxtarlı obyektiv səbəblərdən toplantıda iştirak edə bilməyiblər.
O, AND və digər təşkilatların olduğu halda yeni bir mərkəzə də ehtiyacın vacibliyini vurğulayıb: "Biri var ayrı-ayrılıqda fəaliyyət göstərir, onlar yenə də davam edəcəklər. Amma Koordinasiya Mərkəzi ümumi layihələri həyata keçirəcək. Biz AŞ PA və Avropa İttifaqında, ayrı-ayrı dövlətlərin masalarında bütün mühacirlərin adından çıxış edəcək vahid təşkilat yaradacağıq”.
Q.Zahid AND və Müsavat AKM-dən 7 üzvün toplantıya qatıldığını da deyib: "Hələlik burada Azərbaycan Naminə Demokratiya, Demokratik Azərbaycanın Seçimi, Müsavat Avropa Koordinasiya Mərkəzi fəaliyyət göstərir”.
Təşkilatın Əsasnaməsində isə bildirilir ki, təsisçilərin heç biri hansısa təşkilatın üzvü ola bilməz.