"Avropalı turistlərin 90 faizi Azərbaycana gələ bilmir" - MÜSAHİBƏ

20-10-2017 15:34 / Bu xəbər 3627 dəfə oxundu

Arqument.az-da "Bizim ekspert" rubrikasının növbəti, yəni 4-cü buraxılışının qonağı turizm üzrə ekspert Ülvi Həsənlidir. Onunla Azərbaycanda turizmin vəziyyəti, mövcud konsepsiya, viza rejimi, turizm sahəsində peşəkar kadrların olub-olmaması və digər məsələləri müzakirə etmişik. 

 
- Ülvi bəy, Azərbaycanın mövcud turizm konsepsiyasını necə qiymətləndirirsiniz? 

- Çox təəssüf ki, Azərbaycanda əlil vəziyyətdə olan bir turizm konsepsiyası var. Çünki Azərbaycan son 2 ilədək ciddi turist qəbul etməmişdi. 2 il əvvəlki böhrandan sonra turist qəbul etməyə başladı. Amma çox təəssüf ki, bu da çox kiçik bir qism ölkələri əhatə etdi, yəni bəzi ərəb ölkələrini. Amma bizim qəbul etməli olduğumuz çox ciddi turist potensialı olan ölkələr var. Hansı ki Azərbaycan o ölkələrdən turist cəlb etməyə maraqlı deyil. 

- Hansı ölkələrdir? 

- Məsələn, Türkiyə, İran, Rusiya kimi ölkələrdə çox ciddi turizm bazarı var, amma Azərbaycan hökuməti onlarla yaxınlaşmaqda o qədər də maraqlı deyil. Yəni biz bunu o qədər də görmürük. Eləcə də Avropa ölkələri ilə... 

- Bəlkə, viza rejimi ilə bağlıdır. Normalda turizmi inkişaf etdirmək istəyən ölkələr viza rejimini sadələşdirir, amma Azərbaycanda əksinədir. Sizcə, səbəb nədir?

- Viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələ sırf siyasi məsələdir. Azərbaycan hökumətinin uzun illər idi ki, ciddi neft pulları var idi, Azərbaycan hökuməti başqa ölkə vətəndaşlarının ölkəyə gəlmələrində maraqlı deyildi. Çünki başqa ölkənin vətəndaşları gəlirsə, demək, fərqli düşüncə, fərqli yanaşma gəlirsə, ölkəyə yeni təəssürat gəlir. Başqa ölkələrin mədəniyyəti, dili, təcrübələri gələ bilər. Azərbaycan hökuməti isə bunda maraqlı deyildi. Hökumətin çox primitiv yanaşması var idi. Hökumət fikirləşirdi ki, mən yalnız neft satım, neftdən pul gəlsin və onu xərcləyim. Ölkədə başqa təbəqələrin, turizmin, sahibkarların inkişafında maraqlı olmadı. Buna görə də viza rejimi sərt idi və demək olar ki, dünyada ən çox viza tələb olunan ölkələrdən biri Azərbaycan idi. Son illərdə bəzi ərəb ölkələri ilə viza rejimini ləğv etdi, yüngülləşdirdi, amma turizmlə bağlı hökumətin ümumi yanaşması dəyişməyib. Məsələn, çox ciddi turist göndərən ölkələr var, məsələn, dünyada ən çox turist göndərən ölkə Almaniyadır, Avropa ölkələridir, yəni inkişaf etmiş ölkələrdir, amma Azərbaycan hökuməti onlara çox ciddi şərtlər qoyub. Qafqaza gələn turist 3 ölkəni gəzməlidir, çünki buraya bir region kimi baxırlar turistlər: Gürcüstan, Ermənistan və Azərbaycan. Onlar Gürcüstana, Ermənistana çox rahatlıqla gedirlər, amma Azərbaycana gələndə sərhəddə dayanırlar və heç bir rahat giriş əldə edə bilmirlər. Ona görə də avropalı turistlərin 90 faizi Azərbaycana gələ bilmir və bununla bağlı da indiyənə kimi bir xeyli şikayətlər olub. Amma çox təəssüf ki, hökumət viza rejiminin sadələşdirilməsi ilə bağlı ciddi addımlar atmaq istəmir. 

- Azərbaycan Turizm və Menecment Universitetinin təhsil səviyyəsindən razısınızmı? Yəni turizm təkcə turist qəbul etməklə olmur. Sizcə, bu sahədə ixtisaslı kadrlara ehtiyac varmı?

- Əlbəttə, bütün peşəkar sahələr kimi turizmdə də ciddi kadrlara ehtiyac var. Hökumət 2006-cı ildə Azərbaycanda Turizm Universitetini açdı. İlk illərdə təhsil pis deyildi, mən də həmin universitetdə təhsil almışam. Amma dünyadakı standartlara uyğunlaşdırılmadı. Düzdür, Azərbaycandaki digər universitetlərdən fərqli olaraq bizdə rüşvət yox idi, amma ümumi olaraq təhsilin səviyyəsi yaxşı səviyyədə deyildi. Mənimlə bir oxuyan tələbə yoldaşlarımın indi də universitetlə əlaqələri var, son dövrlər orada vəziyyət daha da bərbadlaşıb. İndi oxuyan tələbələr bir çox məsələ ilə bağlı şikayət edirlər. Hökumət o sahədə də turizm təhsilini irəli aparmaqdan geri aparmağa başlayıb. Bunun səbəblərinin nə ilə bağlı olduğunu bilmirəm. Regionlarda turizmlə bağlı kolleclər var, amma oradan hansısa ciddi turizm ekspertinin və yaxud da turizm sahəsində menecer olan bir adamın çıxdığını eşitməmişəm. Azərbaycanda hazırda fəaliyyət göstərən turizm menecerlərinin 99 faizi xaricdə təhsil alıb gələn tələbələrdir.

- Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib ki, ölkə 3.5 milyon turist qəbul edə bilər. Doğrudan, movcud infrastruktur buna imkan verirmi?

- Azərbaycan hökuməti ehtimallarla danışmağı xoşlayır. Deyək ki, Azərbaycanın 3.5 milyon turist qəbul etmək imkanı var, bəs Azərbaycan hökuməti kimi gözləyir? 2012-ci ildən bu tərəfə olan statistikada Azərbaycana gələn turistlərin sayı demək olar ki, dəyişməyib. Hətta 2014-2015-ci illərdə 200.000-300.000 geriləmə var idi. Qəbul edə bilirsinizsə, niyə etmirsiniz? Bunu sizin əvəzinizdə kim etməlidir? Uzun illərdir ki, bu sahədə ciddi şəkildə durğunluq var. Təxminən 10 il bundan əvvəl Gürcüstanla Azərbaycanın qəbul etdiyi turist sayı eyni idi (2.5 milyon, 2 milyon). Amma hazırda Gürcüstan 6.5 milyon turist qəbul edir. 10 il ərzində 3 dəfə böyümə var. Azərbaycanda isə 10 il ərzində heç 1.5-2 dəfə də irəliləmə yoxdur, ancaq durğunluq var. "Qəbul edə bilərikmi?” - bu da mənim üçün şübhəlidir. Çünki Bakıda hazırda 35 min yataqlı otel var və bu Gürcüstanla müqayisədə təxminən 3 dəfə azdır. Bu da o deməkdir ki, Azərbaycan 3.5 milyon turist qəbul edə bilməz. Bakı 2016-2017-ci illərdə təxminən 100-150 min artıq turist qəbul etdi və Bakıda artıq ciddi daralma hiss olundu. Çünki şəhərin mərkəzi çox balacadır, otellərdə də yer yoxdur. Kifayət qədər adam şikayət edir ki, otellərdə lazımi qədər yer yoxdur, turist qəbulu ilə bağlı problem var. Bu da onunla əlaqəlidir ki, ölkədə sərmayə problemi var, otel problemi var, sahibkarlıq problemi var. Azərbaycan hökuməti ilk olaraq bu problemləri həll etməlidir ki, otel, hostel və digər turizm obyektləri açsınlar, turistləri qəbul etməklə bağlı problem yaşanmasın.

- Azərbaycan turizm ölkəsinə çevrilə bilərmi?

- Azərbaycanın turizm ölkəsinə çevrilməklə bağlı demək olar ki, lazım olan bütün potensialı var. Dənizi var, dağı var, bütün fəsilləri əhatə edən təbiəti mövcuddur, kifayət qədər turist cəlb etmək üçün qonşuları var və hətta uzaq yerlərdən də turist qəbul edə bilər. Məsələn, atəşpərəstləri cəlb edirlər, Hindistandan belə turist gələ bilər və çox cüzi sayda da gəlirlər. Azərbaycanın kifayət qədər potensialı var, sadəcə olaraq bunun üçün siyasi idarəçilik və turizmlə  məşqul olan nazirlik bu sahəyə ciddi yanaşmalıdır.
 
P.S. Müsahibə oktayabrın 6-da Arqument.Az saytının feysbuk səhifəsində canlı yayımlanıb.

Əli Zeynal.
Arqument.Az