AXCP Bakıda aksiya keçirəcək

07-11-2022 18:40 / Bu xəbər 1245 dəfə oxundu
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında aksiya təyin edib.
Bu barədə partiyanın Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli məlumat yayıb.
O bildirib ki, aksiya noyabr ayının 11-də saat 16:00-da baş tutacaq: "Haqqını tələb etməyən heç zaman haqlı ola bilməz! AXCP fəalları Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında hakimiyyətdən sərbəst toplaşmaq azadlığının təmin edilməsini, siyasi məhbuslara azadlıq, ölkədə köklü siyasi və iqtisadi islahatlarin aparılmasını və quru sərhədlərin açılmasını tələb edəcəklər".
Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin aksiya ilə bağlı məktubuna cavab verib.

Qurum aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.
Vahid Məhərrəmli isə deyib ki, AXCP aksiyanı məqsədəuyğun sayır: "Bakı Şəhər İcra Hakimiyyəti bizim 11 noyabr tarixində BŞİH qarşısında aksiya keçirməklə bağlı xəbərdarlıq məktubumuza cavab verib. BŞİH cavab məktubunda yenə də aksiyanın keçirilməsinə yox demir, sadəcə, tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir. Belə halda biz də nəzərdə tutulmuş aksiyanın keçirilməsini məqsədəuyğun hesab edirik. Kütləvi aksiya keçirmək bizim konstitusion hüqüqumuzdu".
"Məqsədimiz ölkədə köklü siyasi və sosial-iqtisadi dəyişikliklərə nail olmaq, xalqımızın layiqli, firavan həyat yaşayışını təmin etməkdir", - deyə aksiya təşkilatçısı bildirib.

Vahid Məhərrəmli
O deyib ki, hakimiyyəti zəbt edən bir qrup adam qəsdən Azərbaycanın inkişafının qarşısını alır: "Ölkədə işsizlər, yoxsullar ordusu yaradıb. Və insanlara birləşib haqq sözünü demək imkanı vermir. Ölkədə vəziyyət getdikcə daha da pisləşir. İnsanların sabaha ümidləri qalmayıb. Çıxış yolu budur ki, AXCP-nin təşkil etdiyi aksiyalara qatılaq və sərbəst toplaşmaq azadlığımızı, haqqımızı tələb edək. Vətənini, xalqını sevən cəsarətli, mərd, hünərli oğul və qızları AXCP-nin 11noyabra saat 16:00-a təyin etdiyi aksiyaya dəstək verməyə çağırıram".
Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 30-da da Bakı Şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirmişdi. Aksiya zamanı 177 fəalın saxlanıldığı bildirilirdi.
Daha sonra təşkilat oktyabrın 24-də paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib.
Polis əməkdaşları toplaşmağa imkan verməyib, bir çox aksiyaçını saxlayıb.