AXCP fəalı Ruslan Əmirli 30 sutka həbs cəzası alıb

AXCP fəalı Ruslan Əmirli 30 sutka həbs cəzası alıb

11-09-2019 15:59 / Bu xəbər 1284 dəfə oxundu

O, xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunub

Yasamal Rayon Məhkəməsində avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirliyə hökm oxunub.

Hakim Hüseyn Səfərov Ruslan Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək, ona 30 sutka həbs cəzası verib.

Sentyabrın 10-da dostları AXCP fəalı Ruslan Əmirlinin Bakıda, Milli Onkologiya Mərkəzinin qarşısında saxlanıb, naməlum istiqamətə aparıldığı məlumatını yaymışdılar. Daha sonra onun polis tərəfindən aparıldığı məlum oldu.

AXCP Ruslan Əmirlinin gecəni Yasamal rayon 29-cu polis bölməsində keçirdiyini bildirib.

Sentyabrın 10-da hadisədən dərhal sonra özünü "fədailər qrupunun başçısı” kimi təqdim edən Fuad Muradov bloger Nurlan Libreyə müsahibəsində Ruslan Əmirlinin qaçırılması məsələsini öz üzərinə götürdüyünü bildirmişdi.