AXCP fəalı təcridxanada televizorun pultunun batareyasını udduğunu deyir
28-05-2024 12:43 / Bu xəbər 671 dəfə oxundu
"Günahsızlığımı sübut eləmək üçün mənə başqa yol qoymadılar”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında canına qəsd etdiyini bildirib.
O, mayın 27-də Bakı Apelyasiya Məhkəməsində öz işi üzrə məhkəmə prosesində ifadə verərkən deyib ki, bir gün əvvəl – mayın 26-da təcridxanada televizorun pultunun batareyasını udub.
"Günahsızlığımı sübut eləmək üçün mənə başqa yol qoymadılar. Ona görə özümə qəsd eləmək qərarı vermişəm”, – Elxan Əliyev məhkəmədə bildirib.
AXCP funksioneri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il azadlıqdan məhrum edilib.
O, həmin hökmdən apelyasiya şikayəti verib.
Şikayətinə Bakı Apelyasiya Məhkəməsində İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Mayın 27-də məhkəməni izləməyə gələn media nümayəndələri, Elxan Əliyevin dostları prosesə buraxılmayıb.
Elxan Əliyevin vəkili Nemət Kərimli bunu hakimlərin nəzərinə çatdıranda İbrahim İbrahimli deyib ki, məhkəmə zalına kimi buraxıb-buraxmamaq məhkəmə binasının qapısındakı polislərin səlahiyyətində olan məsələdir.
Vəkil bu arqumentin əsassız olduğunu bildirib. Eyni zamanda, hakimlərin nəzərinə çatdırıb ki, məhkəmənin açıqlığı prinsipi var.
Qanunun tələbinə görə, açıq məhkəmə prosesində nəinki şəxsin dostları, media nümayəndələri, istənilən vətəndaş gəlib iştirak edə bilər. Əks halda, bu, məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır.
"Qapıdakılar da deyir ki, "hakim icazə vermir, ona görə buraxmırlar”. Hər bir halda, bu addım qanunsuzdur, adi normalara əməl etməməkdir”, – deyə vəkil vurğulayıb.
Daha sonra Elxan Əliyev özü çıxış edib.
O bildirib ki, hakimlərdən ədalətli qərar gözləntisi yoxdur, əmindir ki, onlar həmişəki kimi sifariş yerinə yetirəcəklər.
AXCP fəalı mayın 26-da istintaq təcridxanasında baş verənlərdən danışarkən bildirib ki, pultun batareyasını udandan sonra onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıblar. Orada əməliyyat yolu ilə batareyanı çıxarmaq istəsələr də, razılaşmayıb. O həmçinin mayın 27-də səhər saatlarında qan analizi verməkdən də imtina edib: "Mənə dedilər ki, batareyanın tərkibində olan kimyəvi maddələr bədənə zəhərlənmə verə bilər. Bunu yoxlamaq üçün qan analizi götürmək istədilər. Mən razılaşmadım. Əgər mənə qarşı zor tətbiq edib, məcburi şəkildə nəsə eləmək istəsələr, bu hal üçün də ağlımda variant var. Mən artıq qərarımı vermişəm. Öldü var. döndü yoxdur”.
Elxan Əliyev ona qarşı irəli sürülmüş dələduzluq ittihamının saxta olduğunu, heç bir cinayət törətmədiyi halda, sifarişlə həbs olunduğunu vurğulayıb. Onun sözlərinə görə, cinayət işində onun üzərinə yazılmış 3900 manat da qaytarılıb, amma yenə də 5 il həbs cəzası verilib: "Təcridxanada bir nəfər var, 157 min manatlıq dələduzluq işində ona 5 il 6 ay cəza verilib. Ziyan da qətiyyən ödənilməyib. Mənim işimdə ziyan yoxdur, amma yenə də 5 il həbs cəzası verilib. Bu, necə olur?”.
Vəkil Nemət Kərimli də hüquqlarını müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu vurğulayıb.
Müdafiəçi Elxan Əliyevin səhhətindəki ciddi problemlərdən – iki dəfə insult keçirməsi, hazırda da həyatının təhlükə altında olmasından danışıb, onun himayəsində 3 azyaşlı uşağın olduğunu bildirib.
Əlavə edib ki, belə bir vəziyyətdə olan günahsız adamın başına gələnlər və gələcəklərə görə hakimlər məsuliyyət daşıyır. Çünki hökm və qərarlara onlar imza atır.
Prokuror çıxışında bildirib ki, Elxan Əliyev haqqında hökm qanuni və əsaslıdır.
O, apelyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişmədən qüvvədə saxlanmasını istəyib.
İbrahim İbrahimlinin sədrlik etdiyi hakimlər kollegiyası da hökmün qüvvədə saxlanmasına qərar verib.
Elxan Əliyevin televizor pultunun batareyasını udması barədə dediklərini Meydan TV Penitensiar Xidmətdən də dəqiqləşdirib. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Elxan Əliyev saxlandığı müəssisənin rəhbərliyinə televizor pultunun batareyasını udduğunu deyib. Bundan sonra həkim tərəfindən müayinə edilib.
"Tibbi təminatı ilə bağlı Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur”, – Penitensiar Xidmətin cavabında belə deyilir.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən isə Elxan Əliyevin durumu haqda məlumat almaq mümkün olmayıb.
Elxan Əliyev torpaq alqı-satqısı zamanı dələduzluqda ittiham olunur.
Hökmə əsasən, Elxan Əliyevlə birlikdə eyni ittihamla mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevə isə şərti cəza verilib.
Amma onların üçünə də Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham verilib.
Cinayət işində Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından bəhs olunur. Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.
Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir. Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi.
Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.
Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb. Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.
"Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, "gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.
Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.
Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.
Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, şikayətçidir.
Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur.
Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var: "Həbsdə olduğu 10 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Ortada heç bir sübut-dəlil olmadan 3 azyaşlı körpənin atasını bu vəziyyətə salmaq olmaz”.
AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb. Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.