AXCP fəalının həyat yoldaşı: "Şam yeməyini yedi, getdi və qayıtmadı"

AXCP fəalının həyat yoldaşı:

12-08-2021 15:51 / Bu xəbər 1085 dəfə oxundu

Aqil Hümbətovun saxlanıldığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətov hansısa cinayət əməli çərçivəsində saxlanılıb.

Bu barədə "Turan”a onun həyat yoldaşı Aygün Hümbətova məlumat verib.

O deyib ki, avqustun 11-də Aqil Hümbətov axşam saatlarında saxlanılıb: "Evə gəlib şam yeməyini yedi, getdi və geri qayıtmadı".

Gecə Xəzər Rayon Polis İdarəsindən həyat yoldaşına zəng edib bildiriblər ki, fəal "cinayət törətməkdə şübhəli bilinərək” saxlanılıb: "Lakin Aqili nədə şübhəli bildiklərini demədilər”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Hümbətovun saxlanılmasını təsdiq ediblər: "O, avqustun 11-də Zirə qəsəbəsində yerli sakin Yamən Məmmədova şəxsi münaqişə zəminində bıçaq zərbələri vurması səbəbindən saxlanılıb. Hazırda istintaq aparılır”.

Aqil Hümbətov əvvəllər də təqibə məruz qalıb.

2019-cu ilin mart ayında o siyasi səbəblərdən işdən azad edilməsinə görə rəhbərliyə videomüraciətlə şikayətindən sonra 15 sutkalığa həbs edilmişdi.

2020-ci ilin mart ayında analojı videomüraciətdən sonra Hümbətovu Ruhi Əsəb Dispanserinə məcburi müəlicəyə göndəriblər və o üç ay sonra oradan çıxıb.