AXCP fəalları aksiya etdi: iştirakçılar və jurnalistlər saxlanıldı

AXCP fəalları aksiya etdi: iştirakçılar və jurnalistlər saxlanıldı

06-10-2021 00:01 / Bu xəbər 760 dəfə oxundu

Jurnalist: "Bölmədən meyitim də çıxa bilərdi...”

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar həbsdə olan AXCP üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Əllərində Niyaməddin Əhmədovun, həmçinin həbsdə olan digər cəbhəçi Zamin Salayevin şəkilləri olan aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq!”, "İstefa” şuarları səsləndiriblər.

İştirakçılar Meydan TV-yə açıqlamalarında toplanma səbəblərinin 13 gündür aclıq edən Niyaməddin Əhmədovun azadlığa buraxılmasına görə olduğunu deyiblər.

Polis aksiyaya mane olub. Koronavirusa görə toplaşmağın qadağan olduğunu, ərazidən uzaqlaşmalarını tələb edib. 

Ardınca aksiya iştirakçılarından bəzilərini və hadisəni işıqlandırmaq üçün gələn jurnalistləri maşınlara mindirib Xəzər Rayonun 3-cü Polis Bölməsinə aparıblar. 

Saxlanılanlar arasında hüquq müdafiəçisi Rüfət Səfərov da olub.

Bir neçə saat sonra onlar sərbəst buraxılıblar, ancaq demələrinə görə, saxlanıldıqları zaman onlara güc tətbiq edilib, incidiliblər.

Saxlanılan jurnalist Zərifə Novruz bildirib ki, Xəzər rayon 3 saylı polis bölməsinin əməkdaşları onu sürüyərək polis maşınına mindiriblər. 

Onlara dəfələrlə jurnalist olduğunu bildirsə də, məhəl qoymayıblar: "Telefonumu əlimdən aldılar. Hətta canlı yayıma diqqətlə baxdıqda görünür ki, telefonumu yerə çırpıblar və saniyələr sonra çəkiliş bitib. Polis maşınında gördüm ki, həmkarımı da xüsusi amansızlıqla maşına mindiriblər və eynəyini qırıblar”.

Jurnalist deyir ki, bölmədə ondan telefonunun şifrəsini deməsini tələb ediblər. Ondan aksiyadan çəkdiyi görüntüləri silməsini istəyiblər: "Təbii ki, bunu etmədim. Təxminən bir saat yarımdan çox bölmədə qalsaq da, nəticədə sərbəst buraxıldıq”.

Saxlanılanlar arasında jurnalist Aysel Umudova da olub. Deməsinə görə, onu da maşına sürüyərək aparıblar və bu zaman eynəyi qırılıb: "Xəzər rayon 3 saylı polis bölməsinin əməkdaşları eynəyimi sındırıb. Məni və digər jurnalistləri sürüyərək polis maşınına apardılar. Qolumu zədələdilər, üzü üstə polis maşınının içinə atdılar. Onlara iş başında olduğumu bildirsəm də, məhəl qoymadılar. Telefonumu əlimdən aldılar və içinə girməklə hədələdilər. Yenə də sağ olsunlar, bölmədən meyitim də çıxa bilərdi, amma özüm çıxdım”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan” İnformasiya Agentliyinə bildirib ki, aksiyada saxlanılan olmayıb, sadəcə iştirakçıların ərazidən uzaqlaşdırılması təmin edilib.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu söylənən Niyaməddin Əhmədov ötən il həbs edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin (CM) 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. 

O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur.

Həm AXCP, həm də Niyaməddin Məmmədov bu ittihamları rədd edir. Son məhkəməsində prokuror ona 15 il həbs cəzası verilməsini istəyib.

Zamin Salayev isə 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. 

O, Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb.

Bundan sonra Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.