AXCP Gənclər Komitəsinin sədrinin evində axtarış aparılıb - YENİLƏNİB

AXCP Gənclər Komitəsinin sədrinin evində axtarış aparılıb - YENİLƏNİB

12-01-2021 22:18 / Bu xəbər 149 dəfə oxundu

Gəncin evində axtarış aparıldığı bildirilir
 
AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovun evində axtarış başa çatıb.

Bu barədə Arqument.az-a AXCP-dən məlumat verilib.

Bildirilir ki,  müstəntiqlər Emil Səlimovu sərbəst buraxaraq gediblər. 

"Emil Səlimov onunla bağlı narahat olanlara minnətdarlığını çatdırıb", - partiyadan bildirilib. 

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlimov yanvarın 12-də Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib, ardınca evində axtarış aparılıb. 

Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, E.Səlimov AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş, ötən ilin aprelindən həbsdə olan Niyaməddin Əhmədovun işi üzrə istintaqa çağrılıb.

"Saat günorta saat 2 radələrində zəng edib deyiblər ki, saat 16.00-da İstintaq İdarəsində olsun. Gedib və Niyaməddin Əhmədovun işi üzrə istintaqçılar tərəfindən dindirilib. Təxminən 5 saat çəkən dindirmədən sonra Emil Səlimov prokurorluq əməkdaşlarının müşayiətilə öz evlərinə aparılıb. O, prokurorluqdan çıxarılıb aparılanda idarənin qarşısında onu gözləyən dostlarına deyib ki, axtarış üçün evə aparırlar”, - partiyadan belə deyilib.

AXCP Gənclər Komitəsi sədrinin həbsinə hazırlıq getdiyini istisna etmir.

N.Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.