AXCP mitinq müzakirələrinə başlayıb: “Hökuməti test etmək istəyirik”
08-04-2024 13:56 / Bu xəbər 908 dəfə oxundu
Əli Kərimli deyir ki, rəsmi müraciət edilməsə də, partiyada mitinq müzakirələri aparılır
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinq keçirməklə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət etməsə də, təşkilat daxilində müzakirələrə start verilib.
Bu barədə partiyanın sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında bildirib.
Əli Kərimlinin sözlərinə görə, mitinqlə bağlı yekun qərar qəbul olunmasa da, partiyanın strukturlarında müzakirələr gedir: "Partiya rəhbərliyində və yerli təşkilatlarda belə bir fikir var ki, hər halda sərbəst toplaşmaq azadlığından istifadə etməyə növbəti dəfə cəhd göstərməliyik”.
AXCP sədrinin fikrincə, ölkədə çoxlu sayda problemlər var ki, onları mitinqlərdə tələb etməyə ehtiyac var: "Mitinqlərdə siyasi məhbusların azadlığı, seçki islahatı, sosial tələblərin də səsləndirlməsinin müzakirəsini aparırıq. Amma mitinqin nə zaman və hansı tələblərlə keçirilməsi haqda hələ qərar qəbul olunmayıb. Ümumi qənaət odur ki, təşəbbüs göstərək”.
Azərbaycanda sonuncu dəfə 2019-cu il yanvarın 19-da Milli Şuranın təşkilatçılığı ilə "Məhsul” stadionunda aksiya keçirilib.
Ondan sonra pandemiya başladığından sərbəst toplaşmaq azadlığına qadağa qoyulub.
Bu müddət ərzində hakimiyyət bir neçə izdihamlı tədbir keçirsə də, həmin vaxtdan müxalifətə icazə verilməyib.