AXCP-nin daha bir üzvü polisə müqavimət ittihamıyla həbs olunub
13-10-2023 15:45 / Bu xəbər 768 dəfə oxundu
Əli Kərimli: "Bütün dünya siyasi məhbusları azadlığa buraxmağı tələb edir, İlham Əliyev isə heç nəyə baxmadan repressiya siyasətini davam etdirir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramin Əhmədov oktyabrın 12-də həbs olunub.
Ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.
Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.
Partiyadan bildirilib ki, Ramin Əhmədov son dövrlərdə inzibati qaydada həbs olunan dördüncü AXCP fəalıdır.
Partiya sədri Əli Kərimli baş verənləri Azərbaycanda müxalif fəallara qarşı repressiyaların davam etməsi kimi qiymətləndirib.
"Bütün dünya İlham Əliyevdən siyasi məhbusları azad etməyi tələb edir. İlham Əliyev isə heç nəyə baxmadan repressiya siyasətini davam etdirir”, – AXCP sədri son vaxtlar rəhbərlik etdiyi partiyanın dörd fəalının həbs olunmasına belə münasibət bildirib.
Oktyabrın 6-da Suraxanı Rayon Məhkəməsinin qərarıyla AXCP üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Zeynalova 25 sutka həbs cəzası verilmişdi.
1966-cı il təvəllüdlü Kənan Zeynalov da polisə müqavimətdə ittiham olunurdu.
İddia edilirdi ki, o, küçədə ünvansız söyüş söyüb, polislər intizama dəvət etsələr də, tabe olmayıb. Lakin AXCP üzvü ittihamı rədd edir, evindən çıxıb çörək almağa getdiyi yerdə mülki geyimli polislər tərəfindən saxlanılıb, polis bölməsinə, oradan da məhkəməyə gətirildiyini bildirirdi.