AXCP-nin etiraz aksiyası: Tofiq Yaqublu və fəalların saxlanıldığı bildirilir

AXCP-nin etiraz aksiyası: Tofiq Yaqublu və fəalların saxlanıldığı bildirilir

30-09-2022 14:42 / Bu xəbər 1074 dəfə oxundu

DİN: "Tofiq Yaqublu icazəsiz aksiyaya çağırış etdiyi üçün saxlanılıb”

Milli Şura və Müsavat üzvü Tofiq Yaqublunun evinin önündə saxlanıldığı bildirilir.

Bu barədə qızı Nigar Həzi də "Facebook” səhifəsində yazıb.

O bildirib ki, atası evlərinin qarşısında saxlanılıb və naməlum istiqamətə aparılıb:

"Evimizin hər tərəfində maşınlarda polislər post qurublarmış. Atamın hara aparıldığı barədə heç bir məlumatımız yoxdur”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 30-da Milli Məclisin önündə aksiya keçirəcəyini açıqlayıb.

Onlar sentyabrın 7-də Milli Məclisə təqdim olunan "Siyasi partiyalar haqqında” qanun layihəsinin tələblərinə etiraz edəcəklərini bildiriblər.

Eyni zamanda, siyasi məhbuslara azadlıq, azad seçki, demokratik dəyişikliklər, quru sərhədlərin açılması, Rusiyada hərbi səfərbərliyə alınmaq təhlükəsi ilə üzləşən azərbaycanlıların vətənə qayıdışının təşkili tələbləri də səsləndirəcəklərini bildirmişdilər.

Ailəsi hesab edir ki, Tofiq Yaqublunun bu aksiyaya qatıla biləcəyi ehtimalının qarşısı alınıb, məhz ona görə saxlanılıb.

Nigar Həzi əlavə edib ki, atasının səhhətində ciddi problemlər var və yeni əməliyyat olunub:

"Başına gələcək və gətiriləcək hər şeyə görə İlham Əliyev məsuliyyət daşıyır”.

AXCP sədri Əli Kərimli də bildirib ki, sentyabrın 30-da baş tutacaq aksiyada iştirak edə bilməsin deyə Tofiq Yaqublunu evinin qarşısında polis saxlayıb, hara aparıldığı bilinmir:

"Aksiyanın təşkilatçılarından biri olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmlinin də evi artıq mühasirəyə alınıb və onun evdən çıxmasını gözləyirlər. Aksiyanın təşkilatçısı olan digər AXCP funksionerlərinin də vəziyyəti bənzərdir. Rejimin taktikası aydındır. Çalışacaqlar ki, etirazçıların çoxu, xüsusilə də təşkilatçılar Milli Məclisin qarşısına gedib çıxa bilməsin. Ancaq başa düşmürlər ki, bu halda da etiraz aksiyası baş tutmuş olacaq”.

Partiya sədri bildirib ki, Milli Məclisdə mürtəce bir qanunun qəbul edilməsinə dinc etiraz edən insanları kütləvi şəkildə həbs etməklə rejim özünü bütün dünyanın gözündə müttəfiqi Rusiya və Belarusla eyni sıraya qoymuş olacaq.

"Hakimiyyəti özü üçün də, dövlətimiz üçün də zərərli, təhlükəli yoldan dönməyə, xalqa qarşı zorakılıqdan imtinaya çağırırıq. Bilin ki, dinc aksiyaya qarşı kütləvi polis müdaxiləsi olacaqsa, bu qanunsuz hərəkətiniz bumeranq effektilə özünüzü də vuracaq”, – Əli Kərimli bildirib.

Aksiyadan öncə jurnalist Anar Abdulla da 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və bir qədər sonra sərbəst buraxılıb.

Bundan başqa, Müsəlman Birliyi Hərəkatının (MBH) da iki üzvü – Samir Babayev və Etibar İsmayılov aksiyadan öncə saxlanılıblar.

Bildirilir ki, polislər onları səhər evlərindən aparıb və hazırda 14-cü Polis bölməsindədirlər.

Hüquq müdafiəçisi Rüfət Səfərov yazıb ki, AXCP sədrinin müavini Seymur Həzi də saxlanılıb. O, ümumiyyətlə, 10-dan artıq fəalın saxlanıldığını qeyd edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

O deyib ki, Tofiq Yaqublu razılaşdırılmamış aksiyaya çağırış etdiyinə görə saxlanılıb:

"Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq”.

Daxili İşlər Nazirliyi (DİN) bir gün öncə – sentyabrın 29-da da aksiya ilə bağlı məlumat yaymışdı.

Qurum bildirmişdi ki, Milli Məclisin qarşında keçirilməsi planlaşdırılan aksiyanın qarşısı alınacaq.

Buna səbəb Bakı şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsinə icazə vermədiyi göstərilirdi: "Razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri tədbirlər görüləcək”.

DİN həmçinin əlavə etmişdi ki, bu cür cəhdlərin qarşısı alınarkən polislərlə aksiya iştirakçıları arasında baş verə biləcək bütün hadisələrin məsuliyyəti təşkilatçıların üzərində qalacaq.

Sentyabrın 7-də Milli Məclisə təqdim olunan "Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə Azərbaycanda partiya qeydiyyatı üçün üzvlük sayı 10 min nəfərə qaldırılır.

Son 20 ili ölkədə daimi yaşayan azı 200 vətəndaş partiya təsis edə bilər.

Bundan başqa, partiya parlament, prezident və ya bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədikdə Ədliyyə Nazirliyi apelyasiya məhkəməsində iddia qaldırıb, qurumun ləğvini istəyə bilər.