AXCP: "Niyaməddin Əhmədovun həyatı təhlükədədir, özünə xəsarət yetirib"

AXCP:

12-10-2021 15:19 / Bu xəbər 257 dəfə oxundu

Vəkil: "Mən onunla görüşəndə belə bir hadisə olmamışdı"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Niyaməddin Əhmədovun həyatının təhlükə altında olduğu bildirilir.

Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sentyabrın 22-dən başladığı aclıq aksiyasını davam etdirir. Bu üzdən onun səhhətində ciddi problemlər yaranıb: "Niyaməddin Əhmədov hələ aclığın ilk günlərində aksiyanı dayandırması üçün ona təzyiq göstərib zorla qidalandırılacağıyla bağlı hədələyənlərə demişdi ki, belə bir hal baş versə, özünə xəsarət yetirəcək. Oktyabrın 12-də səhər saatlarında məlumat aldıq ki, aclıq nəticəsində onun durumu həddindən artıq pisləşib. Bakı İstintaq Təcridxanasında onu məcburi şəkildə yedirtmək istəyiblər. Niyaməddin Əhmədov buna görə özünə xəsarət yetirib. Neçə gündür ki, onun saxlandığı kameranın qarşısına xüsusi nəzarətçilər yerləşdirilib. Bütün bu məlumatları dəqiqləşdirməyə çalışırıq”.

Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, oktyabrın 12-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin özünə xəsarət yetirməsindən məlumatsız olduğunu deyir. O, bildirib ki, Niyaməddin Əhmədovun sağlıq durumu ağırdır:

"Mən onunla saat 1-də görüşdüm, ona qədər özünə qəsd etməməmişdi. Amma səhhəti pisdir. Buna baxmayaraq, aclığı davam etdirir. Məndən sonra nə baş veribsə, məlumatsızam, yenidən görüşməyə cəhd edəcəyəm. Görüşdə üzvü olduğu Xalq Cəbhəsi Partiyasının rəhbərliyinin, valideynlərinin xahişlərini çatdırıb, həm onların adından, həm də öz adımdan aclığı dayandırmasını istədim. Bildirdi ki, hələ dayandırmır, amma bu haqda düşünüb, sabah qərarını verəcək”.

Zibeydə Sadıqova əlavə edib ki, oktyabrın 13-də yenidən istintaq təcridxanasına gedib, Niyaməddin Əhmədovla görüşəcək.

Bakı İstintaq Təcridxanasındakı mənbə də Meydan TV-yə Niyaməddin Əhmədovun kamerasına xüsusi nəzarət olunduğunu təsdiqləyib: "Daim xüsusi nəzarət altında saxlanılır. Penitensiar Xidmətdən belə göstəriş verib”.

Penitensiar Xidmətdən səslənən iddialara münasibət öyrənmək mümkün olmayıb.

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir.

Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib.

Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.

AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib.

Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.

Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.