AXCP növbədənkənar parlament seçkilərini boykot etdi
13-07-2024 23:11 / Bu xəbər 827 dəfə oxundu
Partiya 3 ay ərzində növbədənkənar qurultayının çağırılması haqqında da qərar verib
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edib.
Bu barədə partiyanın Ali Məclisi iyulun 13-də qərar qəbul edib.
Ali Məclis qərarını mövcud siyasi vəziyyətlə izah edib: "Ölkədə 300 nəfərdən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan olunduğun, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən monitorinqinə imkan verilmədiyini, azad rəqabət və seçki mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr Milli Məclisə növbədənkənar seçki boykot edilsin”.
AXCP Ali Məclisinin toplantısı.
Foto: AXCP
Ali Məclis həmçinin 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında da qərar verib və bununla bağlı 21 nəfərdən ibarət təşkilat komitəsi yaradıb: "”Siyasi partiyalar haqqında” yeni qanun hökumətə partiyaların işlərinə qarışmaq üçün əlavə səlahiyyətlər verib. Ədliyyə Nazirliyi AXCP-yə məktub göndərərək partiya nizamnaməsinin qanunun tələblərinə uyğunlaşdırılmasını istəyib. Partiya "AXCP "Siyasi partiyalar haqqında” Qanunu pozur” bəhanəsini verməmək üçün növbədənkənar qurultayını çağırmaq qərarı verdi. Partiyanın yeni nizamnaməsi növbədənkənar qurultayda qəbul olunacaq”.
"Dəfələrlə müraciət olumasına baxmayaraq hakimiyyət yenicə qəbul etdiyi "Siyasi partiyalar haqqında” Qanunu da pozaraq Ali Məclisin iclasının keçirilməsi üçün uyğun zal ayırmadı. Məcbur olub Ali Məclis iclasını üzvlərimizin birinin həyətində keçirdik. Təkcə bu fakt da ölkədə rəqabət və seçki mühitinin olmadığını sübut edir”, – deyə partiyanın açıqlamasında qeyd olunub.
AXCP 2015 və 2020-ci il Milli Məclis seçkilərini də boykot edib.
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.