AXCP sədrinin mühafizəçisi DTX-ya aparılıb?

AXCP sədrinin mühafizəçisi DTX-ya aparılıb?

16-05-2020 23:52 / Bu xəbər 1352 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov dünən – mayın 15-də saat 22-də 30 sutka inzibati həbsi başa vurub azadlığa çıxmalı olsa da, hələ də ondan xəbər yoxdur. 

Bu haqda Tolpum TV-yə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyib.
 
O bildirir ki, polisdən partiyaya verilən qeyri-rəsmi məlumata görə, Niyaməddin Əhmədovun həbs müddəti bitən kimi təcridxanadan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə Toplum TV-yə açıqlamasında bundan xəbərdar olmadığını bildirir.
 
 
 
Niyaməddin Əhmədovun ailəsi, o inzibati həbsdə olarkən də DTX-ya aparıldığını söyləyir. Yaxınları cəbhəçinin hansısa cinayət işi üzrə şahid kimi dindirildiyini deyir.
Ailə üzvləri həmçinin ondan işgəncə ilə özünün və Əli Kərimlinin əleyhinə yalan ifadələr almaq istənildiyini iddia edirlər. DİN isə deyilənləri təkzib edir.
 
Aprelin 16-da Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.

Azərbaycan Xalq Cəbhəsi Partiyası onun həbsini partiyaya qarşı təzyiq kimi qiymətləndirir. Koronavirus pandemiyası dövründə AXCP 13-dən artıq üzvünün həbs edildiyini və ya haqqında cinayət işi açıldığını bəyan edib. Prezident İlham Əliyevsə bugünlərdə bildirib ki, heç kim siyasi baxışlarına görə təqib olunmamalıdır.  

Elməddin Şamilzadə