AXCP üzvləri cərimələndi

AXCP üzvləri cərimələndi

06-10-2021 18:32 / Bu xəbər 356 dəfə oxundu

Fuad Əhmədli cəriməni qanunsuz hesab edir

Bir gün əvvəl Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsinin ("Tubzon”) qarşısında etiraz aksiyası keçirib, AXCP fəalı Niyaməddin Əhmədova azadlıq tələb edən partiya üzvləri oktyabrın 6-da məhkəmə qarşısına çıxarılıb. 

Xəzər Rayon Məhkəməsində AXCP fəalları Fuad Əhmədli, Fərid Nağıbəyli və Rəvan Babayev haqqında inzibati işə baxılıb. 

Oktyabrın 5-də saxlanılan cəbhəçilərin hər biri 70 manat cərimələnib və sərbəst buraxılıb.

Fuad Əhmədli bildirib ki, cərimə qərarını qanunsuz və əsassız hesab edirlər, çünki toplaşmaq, etiraz etmək vətəndaşın konstitusion hüququdur.

Niyaməddin Əhmədov AXCP üzvü olmaqla yanaşı, həm də partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi idi. 

O, 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona karantin rejimini pozma ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib. 

Bu cəza bitdiyi gün barəsində Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanıb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, bəzən də təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. 

İddia edilir ki, Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyir, bu məqsədlə həmkəndlisi olan Niyaməddin Əhmədova pul göndərib.

Niyaməddin Əhmədov isə ittihamı rədd edir, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını, onun əleyhinə ifadə verməsi üçün ağır işgəncələrə məruz qaldığını deyir.

Məhkəmədə dindirilən şahidlər də bildirib ki, Qabil Məmmədov Azərbaycandan köçəndə bir çox adama, o cümlədən həmkəndlilərinə borcu vardı. 

Sonradan Almaniyadan hissə-hissə pul göndərərək, borclu olduğu adamlara çatdırılmasını istəyib. Niyaməddin Əhmədova da borcunun bir hissəsini qaytarıb.

Buna baxmayaraq, prokuror sonuncu məhkəmə iclasında çıxışında Niyaməddin Əhmədova 15 il həbs cəzası verilməsini istəyib. Bundan sonra o, aclığa başlayıb. 

Partiyadan verilən məlumata görə, 14 gündür aclığı davam etdirən Niyaməddin Əhmədovun səhhətində ciddi problemlər yaranıb. 

Onun artıq hərəkət edə bilmədiyi, həyatının təhlükə altında olduğu bildirilir.(Meydan TV)