AXCP üzvləri saxlanılıb, qadınların döyüldüyü bildirilir

AXCP üzvləri saxlanılıb, qadınların döyüldüyü bildirilir

08-10-2021 19:37 / Bu xəbər 267 dəfə oxundu

Məhkəmə önünə toplaşan fəallar zorla maşəna mindirilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlanıldığı bildirilir.

Hadisə oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası önündə baş verib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədovun işinə baxıb. Saxlanılan 6 nəfər də məhkəməyə buna görə gəlib.

Aralarında qadınların da olduğu saxlanılan şəxsləri polis zorla avtomobilə mindirilərək naməlum istiqamətə aparıb.

Jurnalist Fatimə Mövlamlı "Facebook” səhifəsində yazıb ki, polislər məhkəmənin qarşısında saxlanılan xanımları Şamaxı-Yevlax yolunda, düzənlik bir yerdə düşürüb:

"Tünzalə Əmirovanın ürəyi xəstədir, polis onu maşından sürüyərək çölə atıb"
Mənbə: Fatimə Mövlamlı

"Polis saxlama zamanı Mətanət Turanın qaşını yarıb. Gülnarə Rahimovanın saçlarını qoparana qədər yolublar. Tünzalə Əmirovanın ürəyi xəstədir, polis onu maşından sürüyərək çölə atıb. Saxlanan qadınlardan Könül Əhmədoba isə hamilədir, aldığı zərbələrdən halı pisləşib, sancısı var”.

Daxili İşlər Nazirliyindən hır hansı açıqlama verilməyib.

Prokuror AXCP fəalı Niyaməddin Əhmədova terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 15 il həbs cəzası istəyib.

Proses açıq olsa da, polis zala heç kimi buraxmayıb.

Niyaməddin Əhmədov partiya lideri Əli Kərimlinin mühafizəçisidir. O, barəsindəki ittihamları qəbul etmir.

Daxili İşlər Nazirliyindən (DİN) saxlanılanlar və polis zorakılığı iddialarına qarşı cavab almaq mümkün olmayıb.