AXCP üzvü cinayət törətməkdə günahlandırılır
27-07-2023 21:58 / Bu xəbər 996 dəfə oxundu
Partiya üzvü özünü təqsirli bilmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə "Turan"a onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, iyulun 27-də Sabunçu Rayon Məhkəməsində istintaq orqanın vəsatətinə baxılıb və E.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil qeyd edib ki, partiya üzvü özünü təqsirli bilmir və öz həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
AXCP üzvü Elxan Əliyev iyulun 26-da polis tərəfindən saxlanılıb.
Ona və digər iki nəfərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Elxan Əliyev vətəndaşın etibarından sui istifadə edərək torpaq sahələrini saxta sənədlər əsasında satdığında ittiham olunur.
Həbsindən əvvəl makler işləyən E.Əliyev video çəkərək bir nəfərin ona dəfələrlə müraciət etdiyini, ona evlərin göstərməyini xahiş etdiyini və özünü şübhəli apardığını bildirdi.
DİN-dən isə qeyd olunub ki, E.Əliyev sosial şəbəkələrdə paylaşıdığı görüntülər öz qanunsuz əməllərini sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.