AXCP üzvünə 6 il həbs cəzası verildi

AXCP üzvünə 6 il həbs cəzası verildi

01-04-2022 18:42 / Bu xəbər 3339 dəfə oxundu

Gəncə Ağır Cinayətlərlər Məhkəməsində narkotik vasitənin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şahin Hacıyevin işi üzrə proses başa çatıb.

"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, martın 31-də o, son sözlə çıxış edib, təqsirsiz olduğunu, cinayət işinin saxtalaşdırıldığını bildirib.

"İşdə yazılıb ki, mənim evimdəki şkafda narkotik aşkar edilib. Əslində isə oradan mənim noutbukumu götürüblər", - deyə Ş.Hacıyev bildirib.

O, saxlanıldıqdan sonra etirafedici ifadə verməsi məqsədilə işgəncələrə məruz qoyulduğunu deyib.

Ş.Hacıyevin vəkili Zabil Qəhrəmanov qeyd edib ki, Gəncə İstintaq Təcridxanasında onun bədənində zorakılıq izləri qeydə alınıb. Amma prokurorluq cinayət işi açmaqdan imtina edib.

Vəkil həmçinin məhkəmə istintaqının cəbhəçinin təqsirinin sübuta yetirilmədiyini qeyd edib və müxalifətçiyə bəraət verilməsini xahiş edib.

Lakin məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib.

Ş.Hacıyev 26 noyabr 2021-ci il tarixində saxlanılıb və polis ona qarşı CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürüb.

Hüquq müdafiəçiləri Hacıyevi siyasi məhbus kimi tanıyıblar.