AXCP üzvünə hökm oxundu

AXCP üzvünə hökm oxundu

01-12-2020 14:58 / Bu xəbər 404 dəfə oxundu

Məhəmməd İmanlı ilə bağlı məhkəmə yekunlaşdı

Bu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin kütləvi həbsi zamanı saxlanılan və koronavirus yaymaqda ittiham olunan Məhəmməd İmanlının məhkəməsi yekunlaşıb. 

Dekabrın 1-də Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, cəbhəçi gənc 1 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinib. İddia olunur ki, M.İmanlı COVİD-19 daşıyıcısı olduğu halda, küçəyə çıxaraq, başqalarının həyatına təhlükə yaradıb. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının küçədə gedərkən saxladığı yazılsa da. həm özü, həm də ailə üzvləri bunu təkzib edir.

M.İmanlının atası Ramiz İmanov hökmdən sonra Meydan TV-yə açıqlamasında bildirib ki, cinayət işinin materiallarında oğlunun iyulun 20-də küçədə saxlandığı yazılsa da, yalandır, onu iyulun 16-da gəlib evdən aparıblar. 

Onun sözlərinə görə, nə Məhəmməd, nə də ailə üzvlərindən başqa birində COVİD-19 olub: "Haqsızlığın, ədalətsizliyin dərəcəsinə baxın ki, adamı gəlib evindən aparıb. Üstünə xəstə adını qoyurlar, istədikləri ittihamı verib, istədikləri cəzanı da çıxarırlar. Bu qədər özbaşınalıq təsəvvür etmirdim...”

M.İmanlı özü də məhkəmədə ifadə verərkən deyib ki, heç vaxt koronavirusa yoluxmayıb. Onun sözlərinə görə, iyulun 15-də Bakıda keçirilmiş "Qarabağa azadlıq” yürüşündən sonra AXCP üzvlərinə qarşı başlanmış repressiyaların hədəflərindən biri də o olub: "Həbsimin səbəbi Xalq Cəbhəsi Partiyasının üzvü olmağım, ictimai-siyasi fəaliyyətindir”.

M.İmanlının vəkili Əsabəli Mustafayev hökmdən apelyasiya şikayəti verəcəklərini bildirib. Vəkil vurğulayıb ki, cinayət işinin materiallarında M.İmanlının təqsirsizliyini sübut edən xeyli faktlar var.

M.İmanlının himayəsində iki azyaşlı uşaq var. Onlardan biri avqust ayında – M.İmanlının həbsindən sonra doğulub.