AXCP üzvünün həbsxanada infarkt keçirdiyi bildirilir
05-11-2023 22:48 / Bu xəbər 1450 dəfə oxundu
Partiya rəhbərliyi Elxan Əliyevin durumunun ağır olduğunu deyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elxan Əliyevin saxlandığı Bakı İstintaq Təcridxanasında vəziyyətinin kəskin pisləşdiyi, onun infarkt keçirdiyi bildirilir.
Meydan TV-yə AXCP-dən verilən məlumata görə, noyabrın 3-dən 4-nə keçən gecə təxridxanada fəalın səhhəti ağırlaşıb: "Gecə halı dəhşətli dərəcədə pisləşib. Həkimlərin ilkin diaqnozuna görə, infarkt keçirib”.
AXCP-dən bildirilib ki, məlumatı telefon vasitəsilə Elxan Əliyevin özü verib: "Telefon danışığı zamanı da hiss olunub ki, durumu yaxşı deyil”.
İyulun 26-dan həbsdə olan Elxan Əliyev təxminən bir il əvvəl insult keçirib.
Vəkili Nemət Kərimli həm istintaq dövründə, həm də məhkəmənin hazırlıq iclasında onun ev dustaqlığına buraxılması barədə vəsatətlərini əsaslandırarkən onun təqsirsiz olmasını vurğulamaqla yanaşı, həm də səhhətindəki problemlərə diqqət çəkib.
Vəkil bildiririb ki, Elxan Əliyevin sağlamlığında problemlər var və həbsxana şəraitində saxlanması həyatına təhlükə yarada bilər. Lakin müdafiəçinin bu vəsatətlərinin heç birini məhkəmələr təmin etməyib.
"Elxan Əliyev heç bir hüquqi əsas olmadan, şərlənərək həbs edilib. O, həbs olunmamışdan əvvəl iki dəfə insult keçirib. Təqsirsiz bir adamın bu vəziyyətdə həbsdə qalması, onun həyatına təhlükə yaradır. Elxan bəyi həbsxanada saxlamaq, onu ölümə məhkum etmək deməkdir”, – AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin sözləridir.
1982-ci il təvəllüdlü Elxan Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
O, təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini bildirir.
Cinayət işində söhbət əmlak alqı-satqısı prosesində dələduzluqdan gedir.
Həbsindən bir neçə gün öncə Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirmişdi.
Bu barədə partiya funksionerlərindən birinə video göndərən Elxan Əliyev həmin görüntülərdə deyir: "Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir…”
Cinayət Məcəlləsinin 178.3.2 maddəsində 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.