Axşambazarı

Axşambazarı

22-04-2022 00:31 / Bu xəbər 8141 dəfə oxundu

Arqument.az şair Əvəz Qurbanlının yeni şeirlərini təqdim edir:
 
Körpü məsələsi

Sən də mən yaşdasan, özünü dartma!
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
"Çuval dağarcığa tay” məsələsi?..

Onu boşladılar, bunu sıxdılar
Bu xalqın evini belə yıxdılar...
Sizi topladılar, məni çıxdılar -
Azdı ki həyatın zay məsələsi?

Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər,
Nəydi o... "payızda say” məsələsi...

Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu "torpaqdan pay” məsələsi...

Deyirlər yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb -
Körpü məsələsi, çay məsələsi...

***

Axşambazarı

Biz sataq bugünü "xoş sabahlar"a
Sən ver elədiyin gopdan, al apar...
Onsuz gündən-günə ucuzlaşırıq
Axşambazarıdı, topdan al apar!

Bəlkə, gendən baxıb ləzzət alırsan:
"Bu qara camaat ay ağlayır ha!"
Bu qara camaat... ağlamaq nədi?
Meymun balasını ayaqlayır ha...

Qiymətlər yapışıb boğazımızdan
O yana-bu yana sürüyür, dədə!
İşsiz yiyəsi tək boş-bekar qalıb
Dişlər ağızlarda çürüyür, dədə!

Ey hər gün "yanacaq qalxır" deyənlər,
Bir gün demədiniz yanacaq düşür!
Ay bu tərəzini quran bəxtəvər,
Yanacaq qalxanda qanacaq düşür?!

Bir cavan gözümün qabağındaca
Yıxılıb can verdi dayanacaqda.
Bəlkə and içərdi getdiyi yola -
Nə onda günah var, nə yanacaqda...

Ürəyi yollarda qurtaranların
Barı balasına çörəyi saxla!
Barı qalanların canını qurtar -
Barı qalanlarda ürəyi saxla...

Ehhh...
Sözüm də o qədər ucuzlaşıb ki,
Heç mənə atdığın təpiyə dəyməz.
Al bu kağızı da, bir yerini sil!
Day bu manatlığın qəpiyə dəyməz...

Bakı, 18.04.2022

***
 
Basabas

Burda bu köhnə hamamı,
Təzə libası kim qoyub?
Bapbalaca adamlara
Bu boyda tası kim qoyub?..

Mən bu şəhəri seçməzdim
Bu şəhər məni seçsə də.
Mən bu küçədən keçməzdim
Bu küçə məndən keçsə də...

Ey tak-tuk oyaq səsləri!
Ey tək-tük ayaq səsləri!
Bu üç addımlıq küçədə,
Bu üç adamlıq küçədə
Bu basabası kim qoyub?..

28.05.2017