Ayaz Mütəllibov vəfat etdi

Ayaz Mütəllibov vəfat etdi

27-03-2022 23:43 / Bu xəbər 3249 dəfə oxundu

Azərbaycanın ilk prezidentinin dəfni ilə bağlı komissiyanın yaradıldığı bildirilir

Martın 27-də Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov vəfat edib.

Bu barədə Meydan TV-yə məlumatı sabiq prezidentə yaxınlığı ilə tanınan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə verib.

Araz Əlizadə eks-prezidentin dəfni ilə bağlı suala belə cavab verib: "Artıq dövlət komissiyası yaradılıb, bütün məsələləri onlar həll edəcək”.

Azərbaycanın birinci prezidenti, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub.

O, 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 

1974-1977-ci illərdə "Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub. 

1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, 1979-cu ildə sənaye naziri təyin təyin edilib.

Ayaz Mütəllibov 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, ardınca Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 

1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı hərbi alayı və erməni siyahlı qüvvələrinin birgə törətdiyi Xocalı qətliamından sonra Bakıda hakimiyyətə qarşı aksiyalar başlayıb. 

Nəticədə martın 6-da A.Mütəllibov istefa verib. 

Həmin ilin mayın 14-də A.Mütəllibov yenidən vəzifəsinə qayıdıb. Lakin Azərbaycan Xalq Cəbhəsi Hərəkatının təşkil mitinqlərdən sonra Ayaz Mütəllibov yenidən istefa verib və ölkəni tərk edib.

O, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 

2012-ci ildə yenidən Azərbaycan qayıdıb.