Ayaz Mütəllibovla vida mərasimi keçirilib

Ayaz Mütəllibovla vida mərasimi keçirilib

28-03-2022 16:47 / Bu xəbər 3864 dəfə oxundu

Eks-prezident I Fəxri Xiyabanda dəfn olunub

Martın 28-də Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

Mərasimdə sabiq dövlət başçısının yaxınları, deputatlar Vahid Əhmədov, Tahir Kərimli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə iştirak ediblər.

Deputat Vahid Əhmədov Ayaz Mütəllibovun Azərbaycanın siyasi-ictimai həyatında çox ciddi işlərə imza atdığını vurğulayaraq bildirib ki, onun o dövrdə Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük xidmətləri olub: "Azərbaycan məhz onun dövründə BMT-yə üzv olub”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə bildirib ki, Ayaz Mütəllibovun hakimiyyəti zamanı Çaykənd əməliyyatı keçirilib: "Torpaqlarımızın böyük hissəsi erməni daşnaklarından təmizləndi. 1990-cı ildə mən İsmayıllıdan deputat seçilən zaman Ayaz Mütəllibovun demokratik baxışı olmasaydı, bəlkə də, seçilməyimə icazə verilməzdi. Mən onun ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

Mərasimdə çıxış edən sabiq prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

A.Mütəllibovun nəvəsi Tahir Mütəllibov jurnalistlərə deyib ki, babasıyla sonuncu dəfə 1 ay bundan əvvəl danışıb: "Son vaxtlar vəziyyəti ağır idi, danışmaqda çətinlik çəkirdi”.

Sabiq prezident Ayaz Mütəllibov bu gün I Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov martın 27-də vəfat edib.