Aydın Can Zahir Əzəmətdən yazdı: "ıştı qədə dıli bədızem i şəv..."

Aydın Can Zahir Əzəmətdən yazdı:

25-04-2021 01:34 / Bu xəbər 6932 dəfə oxundu

Dünyanın heç bir dilində, heç bir dilə tərcüməsində bu gözəllikdə deyilə, səslənə bilinməyəcək:

ıştı qədə dıli bədızem i şəv,
ıştı qədə dıli bahəm şin-şini,
şeirinin müəllifi Zahir Əzəmətin ad günüdür!

Şairliyini, istedadını millətə, oxucuya, dövlətə qaxınc etmədən, ədəbi və mətbu dilənçi obrazına girmədən,  necə və nə cür yaşamağın şərəfsizlikdən, ləyaqətsizlikdən gücü çatdığı qədər uzaq yolunu seçən, gənclər üçün işıqlı ideyaların, təşkilatların yaradıcısı, yaradanları ilə bir cərgədə mümkün qədər faydalı bu əziz imza həm də vətənə əsgər xidmətini özünə borc bilib - qaçıb heç harda gizlənməyib, heç kimdən heç nə ummayıb və həmişə də ön sıralarda olub yaşıdlarından! 
 

Zahir Əzəmət

Özünə ev istəməsə də, müraciətiylə, ən azı, iki həmkarına ev verdirmiş (Əli Həsənovun nifrəti olmasaydı, hətta üçünə olacaqdı) alçaqkönüllü, fədakar və mərd insan-imzamızın hərbi xidmətdə olanda yazdığı şeirdir... eramızdan əvvəl!

Haqqında sözün yaxşısını əsirgəmək heç vaxt məqbul olmayan zahirən əzəmətli, əzəmətli Zahirin "Sizə zəfər gətirəcəyik" şeiri onun özündən çox, bizə təsəllidir! Mükafatdır! Dəyərdir!

Sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa 
sətirlərdən ürəyiniz boy versin 
səbirlə dinləyin şikəst qayıdan 
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını 
üz çevirib getməyin uşaqlarımız dilənəndə 
su verin 
çörək verin! 
atalarımıza siqaret 
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik 
bizə barıt qoxusu dadmayan 
səhər saxlayın 
bir az günəş 
bir az dəniz… 
bir az da soyuq xırdalan pivəsi 
şəxsən mənim üçün
və sevməyin ay əclaflar 
bizi gözləyən qadınları...

Təbriklər, şeirləri, kitabları, redaksiyaları evimiz olan oğlan!