Aygün İmanova: "Səfər Mehdiyevin etdiyi bu zülmü Allah götürməz"

Aygün İmanova:

28-04-2021 13:05 / Bu xəbər 2356 dəfə oxundu

Ali Məhkəmə Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, 5 il azadlıqdan məhrum edilən Natiq İmanovun həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə arqument.az-a məhbusun anası Aygün İmanova məlumat verib.

O bildirib ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən və Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin sifarişi ilə həbs edilən oğlunun həyatı təhlükədədir. 

İmanova deyir ki, məhkəmə də Səfər Mehdiyevin sifarişi ilə qərar çıxarıb. 

O, oğlunun qanunsuz həbs olunduğunu deyir və bununla bağlı Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Kamran Əliyevə müraciət etdiyini vurğulayıb.
 

Aygün İmanova Prokurorluğun və Ombudsman Aparatının da məsələyə biganə yanaşdığını iddia edir. 

İmanova oğlunun başına gətirilənlərə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi günahlandırır. O deyir ki, oğlunun başına hər hansı bir hadisə gəlsə, buna görə məsuliyyəti Səfər Mehdiyev daşıyır, çünki oğlunu şərləyərək həbs etdirib. 

"Bütün bu qanunsuzluqlara görə Səfər Mehdiyev bir gün mütləq haqq və hüquq qarşısında cavab verəcək. Onun ailəmizə yaşatdığı bu ədalətsizlik və zülmü ola bilsin ki, hüquq-mühafizə orqanları qəbul edir, amma Allah bu zülmü götürməyəcək", - İmanova belə deyib. 

Vəkili Elçin Sadıqov deyib ki, Natiq İmanov barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmayıb: "Əsas problem Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və Natiq İmanov haqqında əsassız ittihamlar irəli sürməsi, habelə onun sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır".

Natiq İmanov

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib. 

2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. 

O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.

İmanov isə bütün bu ittihamları rədd edib və Səfər Mehdiyev tərəfindən şərləndiyini bildirib.