Aynur Elgünəş: “Həbsimin sifarişi prezident səviyyəsində verilib”
17-01-2025 21:38 / Bu xəbər 142 dəfə oxundu
Natiq Cavadlı: "Nə qələmimə xəyanət etmiş, nə də cinayət törətmişəm”
Meydan TV-nin həbsdə olan əməkdaşlarından Aynur Qənbərova (Elgünəş) və Natiq Cavadlının istintaq dövründə ev dustaqlığına buraxılması üçün vəkilləri vəsatət verib.
Hər iki jurnalistlə bağlı vəsatətə yanvarın 17-də Xətai Rayon Məhkəməsində baxılıb.
Məhkəmələr ayrı-ayrılıqda keçirilib.
Məhkəmədə jurnalistlərin özləri də iştirak edib.
Natiq Cavadlı bildirib ki, onillərdir jurnalist fəaliyyəti ilə məşğuldur. Bu müddətdə nə qələminə xəyanət edib, nə də cinayət törədib. O, qərəzsiz, vicdanlı şəkildə peşə fəaliyyətilə məşğul olduğunu deyib, hətta müəyyən informasiyaları dəqiqləşdirmək, qarşı tərəfin mövqeyini öyrənmək üçün dövlət orqanlarının mətbuat xidmətləri ilə ünsiyyətdə olduğunu bildirib.
Natiq Cavadlının sözlərinə görə, hazırda məhz jurnalist fəaliyyətinə görə də həbsdə saxlanılır: "Mən heç bir cinayət törətməmişəm. Əksinə, peşəkar jurnalist fəaliyyətimə görə mükafata layiq görülmüşəm. Mənim işim xəbər yazmaq, müsahibə almaq idi. Hətta İlham Əliyev vaxtilə deputat olanda ondan da müsahibə almışam”.
Vəkili Zibeydə Sadıqova da onun təqsirsiz olduğunu qeyd edib.
Vəkil əlavə edib ki, Natiq Cavadlının himayəsində üç övladı, yaşlı və xəstə anası var. Hətta istintaq gedirsə belə, bu müddətdə onu həbsdə saxlamaq vacib deyil: "Onu həbsdə saxlamadan da istintaq aparmaq olar”.
Aynur Elgünəş də məhkəməsində ona və digər "Meydan TV ” əməkdaşlarına verilmiş qaçaqmalçılıq ittihamının saxta olduğunu deyib.
O bildirib ki, özünün və digər həmkarlarının həbsinin əsl səbəbi Meydan TV-nin korrupsiyanı ifşa edən araşdırmaları, tənqidi materiallarıdır.
Onları həbs eləməkdə məqsəd təcrid edib susdurmaqdır.
"Jurnalistika cinayət deyil!”, – Aynur Elgünəş belə deyib.
Həbsinin prezident səviyyəsində verilmiş siyasi sifariş olduğunu vurğulayan jurnalist hakim Sülhanə Hacıyevaya deyib ki, bu işdə qərar vermək üçün o, heç kimdir: "Belə işlərdə siz heç kimsiniz, heç bir səlahiyyətiniz yoxdur, nə göstəriş verirlər, onu da gəlib oxuyursunuz”.
Hər iki məhkəmə prosesində müstəntiq jurnalistlərin ev dustaqlığına buraxılmasına etiraz edib.
O bildirib ki, istintaq davam edir, əgər həbsdən buraxılsalar, qaçıb gizlənmək, şahidlərə təsir göstərmək ehtimalı var.
Bu səbəbdən buraxılmaları məqsədəuyğun deyil.
Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təmin olunmayıb.
Vəkillər Elçin Sadıqov və Zibeydə Sadıqova bildirib ki, bu qərarlardan apelyasiya şikayəti verəcəklər.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.
Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Son 1 il 2 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist və bloger olunub.
Onların arasında "Abzas Media”, "Toplum TV”, "Kanal 13” və digər media orqanlarının əməkdaşları var.