Aytac Əhmədova: “Qaçaqmalçı olsaydıq, həbsdə olmazdıq”
23-01-2025 19:23 / Bu xəbər 98 dəfə oxundu
"Əsl qaçaqmalçılar ölkənin sərvətlərini talayanlardır”
Meydan TV-nin həbsdə olan əməkdaşlarından Aytac Əhmədovanın (Tapdıq) istintaq müddətində ev dustaqlığına buraxılması üçün vəkili vəsatət verib.
Həmin vəsatətə yanvarın 23-də Xətai Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə jurnalistin özü də iştirak edib.
Vəkil Cavad Cavadov vəsatətində Aytac Tapdığın ev dustaqlığına, yaxud da girov müqabilində həbsdən buraxılması məsələsini qoyub.
Məhkəmədə vəsatəti müdafiə edən vəkil bildirib ki, müvəkkilinin həbsdə saxlanması üçün heç bir əsaslı şübhə yoxdur.
Vəkilin sözlərinə görə, Aytac Əhmədovaya qarşı irəli sürülmüş valyuta qaçaqmalçılığı ittihamı ilə bağlı da heç bir ilkin dəlil-sübut ortaya qoyulmayıb.
Aytac Tapdıq özü də siyasi sifarişlə həbs olunduğunu bildirib.
O bildirib ki, həbsinin əsas səbəbi onun və Meydan TV-dəki həmkarlarının jurnalist fəaliyyəti, ortaya qoyduqları materiallardır. Onları susdurmaq üçün şərləyib həbs eləyiblər.
Aytac Tapdıq xatırladıb ki, Meydan TV-dən əvvəl eyni qaydada "AbzasMedia”, "Toplum TV” əməkdaşlarını da qaçaqmalçılıq ittihamı ilə həbs edblər: "Biz bilirdik ki, jurnalistləri bu cür saxta ittihamlarla tuturlar. Bu təhlükəni görürdük. Buna baxmayaraq, işimizi davam etdirirdik. Biz qaçaqmalçı olsaydıq, bu gün həbsdə olmazdıq”.
Jurnalist əlavə edib ki, əsl qaçaqmalçılar ölkənin sərvətlərini talan edənlərdir.
Müstəntiq Aytac Tapdığın həbsdən buraxılmasına etiraz edib, bunu istintaqın davam etməsi, azadlığa çıxacağı halda, prosesin gedişinə mane olmaq ehtimalı ilə əsaslandırıb.
Məhkəmə də jurnalisti həbsdən buraxmaqdan imtina edib.
Vəkil Cavad Cavadov bu qərardan apelyasiya şikayəti verəcək.
Meydan TV-nin 6 əməkdaşı – Aynur Elgünəş, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.
Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.
Son 1 il 2 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist və bloger olunub.
Onların arasında "AbzasMedia”, "Toplum TV”, "Kanal 13” və digər media orqanlarının əməkdaşları var.