"Az maaşa qane olmaq işçinin öz günahıdır" - Nazirlik

21-06-2017 19:11 / Bu xəbər 1312 dəfə oxundu

"Şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır”, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənovun sözləridir. 

O, "Report”a müsahibəsində belə deyib.

Nazirlik rəsmisi bildirib ki, vətəndaş 120 manatla dolana bilməsəydi, daha yaxşı işə keçərdi. Səsini çıxarmırsa, deməli, razıdır:

"50-60 yaşlı kişi 120-200 manat arası maaşla necə ailə saxlaya və ya dolana bilər?”, - sualına isə İsa Həsənov belə cavab verib:

"Əgər bir şəxs ömür boyu az maaşa işləyibsə, bu onun öz günahıdır. Biz bəzən "dövlətin maaşı çox azdır”, - deyirik. Maaş azdırsa insanlar öz üzərlərində çalışmalı, əlavə biliklər, bacarıqlar əldə etməli, daha yaxşı maaşlı işlərə yönəlməlidirlər. Kim ki, 10-15-20 il az maaşa qane olub işləyirsə, deməli, bundan razıdır. Razı olmasa, əlavə biliklər əldə edib onu qane edəcək maaş verən işə keçərdi”.

İsa Həsənov bildirib ki, hazırda bazar iqtisadiyyatı dövrüdür. Bazar iqtisadiyyatının da əsas tələblərindən biri şəxsin özünün rəqabət qabiliyyəti olmasıdır:

"Yəni insanların çevikliyindən, hərəkətliliyindən, öz üzərlərində çalışmaqlarından da çox şey asılıdır. İnsanlar yaşam tərzlərini təmin etmək üçün daha çox çalışmalıdırlar”.