Azad Həsənovun məhkəməsi: "Polis sorğuya cavab vermir"

Azad Həsənovun məhkəməsi:

08-07-2019 18:35 / Bu xəbər 309 dəfə oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat fəalı Azad Həsənovun növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə "Basta" saytı məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, iyulun 8-də keçirilən məhkəmə prosesində Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düçncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, ictimai-siyasi fəallar və jurnalistlər iştirak ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya hələ də cavab verilmədiyi bildirilib.

Sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir, lakin Bakı şəhər Baş Polisd İdarəsi məhkəmənin üçüncü sorğusuna cavab vermir.

"Deyirsiniz, məhkəmə islahatı aparılır. Bakı Şəhər Baş Polis İdarəsi məhkəmənin adi bir sorğusuna cavab vermir. Polis cavab da verməyəcək. Çünki ölkədə məhkəmə rejimi deyil, polis rejimi hökm sürür”, - vəkil hakimə deyib.  

Vəkil polis əməkdaşlarının Azad Həsənovun saxlanılması ilə bağlı dərhal ailəsinə xəbər verilməsi barədə məhkəməyə yalan ifadə verdiyini hakimin diqqətinə çatdırıb. 

Buna sübut kimi Azad Həsənovun qardaşının Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi”nin əməkdaşı ilə 3 telefon danışığı səsləndirilib. 

"102-Zəng Mərkəzi”nin əməkdaşı Azad Həsənovun saxlanılmasından 6 saat sonra onun qardaçının zənginə bu barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat veriləcəyini və ailəyə onun taleyi ilə bağlı məlumat çatdırılacağını desə də, bu, baş verməyib. Həsənovun qardaşı daha iki dəfə 102 xidməti ilə əlaqə saxlasa da, məlumat ala bilməyib.

"Qardaşım üçüncü dəfə zəng etdiyi vaxt artıq məhkəmə mənim barəmdə həbs qətimkan tədbiri seçmişdi. Amma ailəmə bu barədə hər hansı məlumat verilməyib”, - Həsənov qeyd edib.

Siyasi fəalın məhkəməsi iyulun 15-də saat 12:30-da davam etdiriləcək. 

Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirətdə yaşayıb. 

Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə A.Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

Ölkədə fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları və beynəlxalq insan haqları təşkilatları Azad Həsənovu siyasi məhbus kimi tanıyıb.