"Azadlıq" radiosunun keçmiş jurnalisti Tehranda həbs edilib
16-10-2024 13:09 / Bu xəbər 576 dəfə oxundu
"Azadlıq" radiosunun uzun illər xaricdə yaşayıb İrana qayıdan keçmiş jurnalisti Tehranda həbs edilib.
Bu barədə oktyabrın 15-də "Azadlıq" radiosunun mənbəyi bildirib.
ABŞ və İran vətəndaşı olan Reza Vəlizadə üç həftə əvvəl həbs edilib.
Qohumlarından biri "Azadlıq" radiosuna söyləyib ki, ona qarşı xaricdə farsdilli media qurumları ilə əməkdaşlıq daxil, bir sıra ittihamlar irəli sürülüb.
İran rəsmiləri Vəlizadənin həbsi ilə bağlı, hələlik, heç bir şərh verməyiblər.
AzadlıqRadiosunun fars xidməti olan "Fərda" Radiosunun əməkdaşı olmuş Vəlizadə 2022-ci ilin noyabrında radiodan ayrılıb.
O, bir müddət xaricdə yaşayıb.
Avqustun 13-də X sosial şəbəkəsində yerləşdirdiyi sonuncu paylaşımda Vəlizadə deyib ki, o, Tehrana martın 16-ı səfər edib.
Paylaşımda bildirilir ki, onun İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyata cavabdeh qolu ilə "tamamlanmayan" danışıqları qalıb, ancaq sonda o, 14 il sonra "hətta şifahi daxil, heç bir zəmanət məktubu olmadan", ancaq öz məsuliyyətinə arxalanaraq İrana qayıdıb.
Paylaşımın hansı şəraitdə yazılması qeyri-müəyyən olaraq qalır.
İkili vətəndaşlığı olan bir çox iranlı təhlükəsizlik xidmətləri tərəfindən həbs edilib. Onlar müxtəlif cinayət törətməkdə ittiham olunublar.
Bir çox mülkləri əllərindən alınıb və ya onlardan istifadə mümkünsüz edilib. Bəzi hallarda onların İrandakı ailə üzvlərinə təzyiqlər göstərilir ki, qohumlarını İrana qayıtmağa sövq etsinlər.
İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qeyri-qanuni həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə təzyiq göstərməkdə ittiham olunur.