Azay Quliyevin 22 səsi necə 182 oldu?

Azay Quliyevin 22 səsi necə 182 oldu?

06-09-2024 17:28 / Bu xəbər 945 dəfə oxundu

Mirbaba Babayev

Bu ilki seçkilər ZAHİRƏN əvvəlkilərdən daha "MƏDƏNİ” keçdi: seçkiqabağı görüşlərə ciddi əngəl olmadı, polis gözə dəymirdi, karusel əvvəlki səviyyədə deyildi. Amma bu seçkilər SAXTAKARLIQ SƏVİYYƏSİNƏ görə əvvəlkiləri üstələdi.

İqtidar bu dəfə belə bir mövqe tutmuşdu: "kim təbliğat aparırsa, aparsın (Mitinq forması istisna olmaqla), polis mane olmasın, məntəqədə kim kimə istəyirsə səs versin- bunun əhəmiyyəti yoxdur; əsas DSK-larda səslərin necə yazılmasıdır.

Dəhşətli eybəcərlik də bunda idi: heç bir məntəqədə seçki protokolu tərtib edilmədi, iştirak edən seçicilərin sayı DSK-larda 5-10 dəfə artırıldı (əsasən, istədikləri namizədlərin xeyrinə).

Ümumi söz olmasın deyə, fakt kimi, BİR MƏNTƏQƏDƏ seçkilərin həqiqi nəticəsini və necə yazılmasını sizə deyim (bu və bunun kimi saysız-hesabsız faktlar Azərbaycanda seçkilərin necə keçirilməsini aydın göstərir).

Mən, Müsavatın səlahiyyətli nümayəndəsi kimi, 8 saylı dairənin 33 saylı məntəqəsində səhər saat 7-dən gecə məntəqə bağlanana qədər fasiləsiz müşahidə apardım (məndən başqa daha 6-7 müşahidəçi vardı). Heç bir əlavə bülleten atmağa imkan vermədik (doğrusu, buna cəhd də olmadı).

Sədr qutuları açmaq istəmirdi, çalışırdı ki, müşahidəçilər bezib getsinlər (bəziləri getdi), 3 saat işi dayandırdılar (guya ləğv olunan bülletenlərin kənarını kəsirlər). Bildirdim ki, "səhərə qədər qalsanız da, mən də sizinlə qalacam”. Yalnız bundan sonra məcbur olub, qutuları açdılar: cəmi 60 BÜLLETEN çıxdı, imzaların sayı da bu qədər idi-düz gəldi. Kimlərin neçə səs aldığını düz elan etdilər (mən özüm bülletenə toxunmadan bir-bir baxdım: mənə göstərdilər). Bura qədər çox yaxşı.

Amma nə qədər tələb etdiksə, karbonlaşdırılmış protokolu yazmadılar. Məntəqə sədri Tehran Musayev özünü xəstəliyə vurdu: "Bu vəziyyətdə protokolu yazsam, qiyməti 2000 manat (!) olan kağızı-karbonlaşdırılmış protokolu korlayaram”. 

Bildirdim ki, bu vəziyyətdə (məncə, artistlik edirdi) katib doldurmalıdır. Etmədilər və məntəqəni tərk etdilər.

Məntəqədə təkcə mən qaldım. Gözətçi bildirdi ki, qapını bağlamaq istəyir. Saatı videoda göstərməklə boş məntəqənin mənzərəsini çəkib çıxmalı oldum.

EYBƏCƏR SAXTAKARLIQ NƏDƏDİR?

MSK-nın rəsmi məlumatında göstərilib ki, bizim məntəqədə 382 SEÇİCİ (6,3 DƏFƏ ÇOX!) səs verib, AZAYA 182 səs yazıblar (əslində 22 idi), YAP-ın namizədinə 117 səs yazıblar (11 idi).

Qeyd1. Seçki qanununa görə proses fasiləsiz aparılmalıdır, karbonlaşdırılmış protokol doldurulmamış və üçüncü nüsxəsi məntəqədə elanlar lövhəsinə vurulmamış komissiya üzvləri məntəqəni bağlaya bilməz.

Qeyd2. Videodakı şəxs gözətçidir: mənim çıxmağımı gözləyir.

Yazı AMEA-nın baş elmi işçisi, Müsavat Partiyasının Divan üzvü Mirbaba Babayevin feysbuk səhifəsindən götürülüb.