Azay Quliyevlə bağlı Baş Prokurorluğa çağırış edildi: "Fəaliyyəti araşdırılsın"

Azay Quliyevlə bağlı Baş Prokurorluğa çağırış edildi:

21-08-2023 19:19 / Bu xəbər 850 dəfə oxundu

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin sədri Azay Quliyevin fəaliyyətinin araşdırılmasını tələb edir. 

Təşkilat bildirir ki, son günlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya halları ilə bağlı etirazlar səngimir. 

"Heç kimin şübhəsi olmasın ki, nə qədər Azay Quliyev kimi korrupsionerlər o agentliyin başında olacaqlar, o vaxta kimi də orada korrupsiya halları səngiməyəcək", - deyə təşkilat rəsmi səhifəsində bildirib. 

Təşkilat ölkənin Baş Prokurorluğuna da müraciət edib. 

Bildirib ki, Baş Prokurorluq Agentlikdə korrupsiya halları ilə bağlı mütləq araşdırmalara başlamalıdır.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi sədri Fikrət Cəfərli "Arqument.az"a belə bir çağırış etdiklərini təsdiqləyib. 

O deyib ki, Agentliyin qeyri-şəffaf fəaliyyəti 10 ildən artıqdır müzakirə olunur. 

Azay Quliyev isə 2008–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifəsində çalışıb. 

2021-ci ildə Şuranın adı dəyişib, Agentlik adlandırılıb. 

Azay Quliyev də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri təyin olunub. 

O, 13 ildir ki, bu vəzifədə çalışır.