Azər Qasıml barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Azər Qasıml barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

09-12-2024 20:51 / Bu xəbər 587 dəfə oxundu

Azər Qasımlı: "Mən düz danışdığıma görə buradayam”

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı haqqında həbs qərarı çıxarılıb. 

Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Azər Qasımlının istintaq dövründə həbsdə saxlanması üçün müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxılıb. 

Müstəntiq vəsatətini əsaslandırarkən bildirib ki, Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir. 

İstintaq getdiyi müddətdə onun qaçıb gizlənmək, proses iştirakçılarına təsir göstərmək ehtimalı var. Bu səbəbdən istintaq müddətində həbsdə saxlanması məqsədəuyğundur.

Vəkillər Rövşanə Rəhimli və Aqil Layıc isə etiraz edib. 

Vəkillər bildirib ki, ümumiyyətlə, ittihamın özü əsassızdır. 

Azər Qasımlı zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Lakin vəkil bildirib ki, həmin şəxsin Azər Qasımlıya pul borclu olmasını təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. 

Belə olan halda, Azər Qasımlının ondan hədə-qorxu ilə pul tələb etməsi haqda iddianın absurdluğu ortaya çıxır.

Vəkillər əlavə edib ki, Azər Qasımlını həbsdə saxlamadan da istintaq aparıla bilər.

Azər Qasımlı özü də həbsinin siyasi motivli olduğunu bildirərək deyib ki, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırılır: "Bu gün Azərbaycanda siyasət yoxdur, mən də siyasətçi deyiləm. Çünki siyasət olmayan yerdə siyasətçi də olmur. Mən düz danışdığıma görə buradayam”.

Qısa müşavirədən sonra hakim Orxan Məmmədli təqdimatın təmin edilməsi və Azər Qasımlı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarı elan edib.

Məhkəmədən sonra vəkil Aqil Layıc bildirib ki, qərardan apelyasiya şikayəti verəcək: "Azər Qasımlı özü də bildirir ki, onun və həyat yoldaşının ölkədən çıxışına məhdudiyyət qoyulanda həbs olunacağı bəlli idi”.

Azər Qasımlı dekabrın 8-də saxlanılıb. 

İddia olunur ki, Qurbanəli Yusibov ondan Yasamal Rayon Polis İdarəsinə şikayət edib.

Bundan əvvəl də Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. 

O, Bakı Şəhər Baş Polis İdarəsində "Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevin işi üzrə istintaqda dindirilib.