Azər Qasımlı: "Cəmiyyət bilir ki, ən azı bu ölkədə satılmayan siyasətçilər var"

Azər Qasımlı:

01-05-2020 23:08 / Bu xəbər 1563 dəfə oxundu

"Yeni Baş prokuror təyin edilib. Parlament səsverməsi formallıqdır". 

Bunu siyasətçi Azər Qasımlı feysbuk hesabında yazıb.

O bildirib ki, Parlamentin də, baş prokurorun da məsuliyyəti məhz onları təyin edənin qarşısındadır.

Azər Qasımlı qeyd edib ki, həm parlament, həm də Baş prokururun nə xalq, nə hansısa partiya qarşısında öhdəliyi var. 

"Ona görə hər ikisinin gələcək fəaliyyəti ilə bağlı cəmiyyətin deyil, yalnız təyin edənin gözləntisi ola bilər", - o bildirib. 

Qasımlı deyib ki, müxalifətin indiki mövcud vəziyyətdə əsas silahı - mənəvi üstünlükdür: "Mənəvi üstünlüyü də harada olmasından asılı olmayaraq həqiqəti söyləməsindədir. Həqiqəti söyləməklə ola bilsin ki, bu gün vəziyyəti dəyişmək mümkün olmayacaq. Lakin cəmiyyətin, tərəfdaşların ümidi ölməyəcək, ən azı "bu ölkədə satılmayan siyasətçilər var" deyə düşünəcəklər. Xalqa, seçicilərə alternativləri göstərmək lazımdır. Alternativ yolu, alternativ adamları! Siyasi vəziyyət də sabah elə məhz buna görə dəyişəcək".

Qeyd edək ki, mayın 1-də Milli Məclis Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin olunması ilə bağlı prezidentin təqdimatına razılıq verib.

Bundan sonra isə Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Kamran Əliyev 06.08.2007-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışırdı. 
 
Məsud
Arqument.az