“Azər-Türk Bank”dan baş redaktora təhdid

“Azər-Türk Bank”dan baş redaktora təhdid

24-07-2024 00:56 / Bu xəbər 871 dəfə oxundu

Ölkənin ən səviyyəsiz, mədəniyyətsiz bankı "Azər-Türk Bank”dır. Ümumiyyətlə, bankların problemli kreditlər üzrə əməkdaşları xüsusi tərbiyəsizliklərinə görə işə götürülür, deyəsən.

Bu sözləri Kulis.az saytının baş redaktoru Ulucay Akif sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, bank əməkdaşının kobud davranışına görə məhkəməyə müraciət edəcək: 

"Adını çəkdiyim banka kredit borcum var. Yüksək məbləğ deyil. Hazırda 10 gündür 106 manat ödəməni gecikdirirəm. Yoxdu pul, gecikdirirəm, kefimdən deyil.

Bayaq telefonuma zəng gəldi. Əməkdaşın adını da deyim: Günel Quliyeva.

Əvvəl normal danışdı, dedi, "bu gün ödəyəcəyinizi demişdiniz, niyə ödəmirsiniz?”.

Dedim, hazırda pulum yoxdu, böyük ehtimal gələn həftə ödəyəcəm.

Dedi, "əməkdaşlarımız evinizə gələ bilər borca görə”.

Güldüm xanımın bu tərbiyəsiz təhdidinə.

Çox normal səs tonu ilə, hətta gülərək, mehribancasına soruşdum ki, "106 manata görə camaatın evinə gedirsiniz? Ödəmirəm, verin məhkəməyə, məhkəmə ilə həll olunsun”.

Tərbiyəsiz bank əməkdaşı yəqin ki, rahatlığıma görə lap qızışdı.

"Sən pulu məhkəmə ilə almısan?! Pulu ödə!”

Beləcə dedi tərbiyə və əxlaqdan uzaq bank əməkdaşı.

Bilmirəm, bəlkə, xanımın dədəsinin cibindən götürüb o krediti mənə verib bank. Nə bilim, bankın daxili siyasətinə qarışmaq istəmirəm.

Dedim, "bu nə danışıqdı müştəri ilə danışırsınız? "Sən” nədi? "Siz” deməlisiniz. Mənlə minnətlə danışmayın!”.

Qayıdıb nə desə yaxşıdır?

"Yaxşı eləyirəm! Birinci gün krediti ödə!”

Göydəki Allaha and olsun, şişirtmirəm, belə dedi.

ATB, bu nə tərbiyəsizlikdir müştəriyə, vətəndaşa qarşı edirsiniz?

Əməkdaşlarınıza vətəndaşlarla belə danışmağı kim tapşırıb?

Xahiş edirəm, suallarıma cavab verin. Günel Quliyeva adlı əməkdaşınızdan şikayətçiyəm. Səs yazılarını da çıxarın, mənə göndərin, ictimailəşdirəcəm.

Siz məni məhkəməyə verməyib daha böyük tərbiyəsizlik edirsiniz, amma mən sizi və əməkdaşınızı məhkəməyə verəcəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.