Azərbaycan buğda ixracına gömrük rüsumunu artırdı

Azərbaycan buğda ixracına gömrük rüsumunu artırdı

17-02-2021 18:23 / Bu xəbər 967 dəfə oxundu

Qərara əsasən, 1000 kq buğdaya görə 200 ABŞ dolları rüsum alınacaq

Azərbaycanda un istehsalı ilə məşğul olan şəxslərə satılan məhsulun hər tonuna görə fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək.

Bu barədə Baş nazir Əli Əsədovun fevral 17-də imzaladığı qərarda deyilir.

Qərar "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" adlanır.

Eyni zamanda, Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

Bu qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır.

İdxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycan çox az miqdarda buğda ixrac edir. Bu qərarın da formal olduğunu düşünür: "Azərbaycan çox az miqdarda buğda ixrac edir. Baş nazirin qərarı da görüntüdür. Ona görə bu barədə danışmağa dəyməz".

Vahid Məhərəmovun sözlərinə görə, Rusiyadan idxal olunan buğdanın da qiyməti bahalaşacaq və bu, Azərbaycanda çörəyin bahalaşmasına səbəb olacaq.

O, Azərbaycanda buğda qıtlığının olduğunu da deyib: "Azərbaycana 2019-cu ildə 1 milyon 584 min, ötən il isə 1 milyon 260 min ton buğda idxal olunub. Bu o deməkdir ki, cari ildə daha çox buğda idxal olunacaq. Çünki keçən il 511 min ton istehsalımız azalıb. Bu mənada guya ölkədən buğda çıxmasının qarşısını almağa çalışacaqlar. Məsələ ondadır ki, buğda ixracı çox cüzi olduğundan qərara ehtiyac yox idi".