"Azərbaycan Dəmir Yolları” korrupsiya ittihamına cavab verdi

12-06-2019 17:08 / Bu xəbər 867 dəfə oxundu

"2019-cu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb".

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.

Xəbəri qaynar.info yayıb.

Məlumata görə, rəsmi açıqlamada deyilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik: "2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin "Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli "KİSS” markalı elektrik qatarları alınıb. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. 

Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin "Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.


Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur".  

İyunun 11-də iqtisadçı Nemət Əliyev araşdırmasında qeyd edib ki, 2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. 

O bildirib ki, vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur.