Azərbaycan “Doing business” indeksində geriləyib

Azərbaycan “Doing business” indeksində geriləyib

28-10-2019 13:18 / Bu xəbər 1131 dəfə oxundu

"Bu nəticə "islahat”larla təzad təşkil edir”

"Biznesin aparılmasının asanlaşdırılması” qlobal reytinqində Azərbaycan 9 pillə geriləyib. "Doing business 2020” hesabatını hər il Dünya Bankı hazırlayır. Azərbaycan bu il həmin hesabatın 34-cü pilləsində qərarlaşıb. Ötən il 25-ci olmuşdu. Bu da 9 pillə geriləmə deməkdir.

Builki reytinq cədvəlində Gürcüstan 7, Litva 11, Estoniya 18, Latviya 19, Qazaxıstan 25, Rusiya 28, Türkiyə isə 33-cü yerdədir. Siyahıda ötən il 41-ci yerdə olan Ermənistan hazırda 47-ci yerdə qərarlaşıb.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu nəticə "islahat”larla təzad təşkil edir:

"Ölkəmizin hazırkı yeri qənaətbəxş olsa da, ötən ilə baxanda 9 pillə geriləyib. Hesabata görə, Azərbaycanın mövqeyinin pisləşməsinə mənfi təsir edən göstəricilər var. Bunlar "Vergi ödəmək” (40-cı yer - ötən il 20 olub), "Əmlakın qeydiyyatı" (44-cü yer - ötən il 17 olub), "Müflisləşmənin həll edilməsi" (47-ci yer - ötən il 45 olub), "Elektrik enerjisini əldə etmək" (80-ci yer - ötən il 74 olub) və "Xırda investorların qorunması" (105-ci yer -ötən il 2 olub) göstəriciləridir. Göründüyü kimi hər birində ötən ilə nisbətən geriləmə var. Özü də böyük fərqlə”.

Qubad İbadoğlu sual edir: Əgər həqiqətən Azərbaycanda ciddi islahatlar aparılırsa və onun hədəfində sahibkarlığın vəziyyətinin yaxşılaşdırılması durursa, onda nədən ölkədə biznesin aparılması asanlaşmaq əvəzinə çətinləşib?

"Əgər ölkədə vergi ödəmək göstəricisi 1 ildə 2 dəfə pisləşirsə, onda hansı vergi reformalarından və onun müsbət nəticələrindən danışmaq olar? Əmlakın qeydiyyatı 1 ildə 27 pillə pisləşibsə, onda prezidentin bu istiqamətdə imzaladığı fərmanların icrası nədən aşağı səviyyədədir? Hökumət rəsmiləri bu suallara cavab verməlidirlər”.

meydan.tv