Azərbaycan ən çox hansı ölkələrdən silah alır?

Azərbaycan ən çox hansı ölkələrdən silah alır?

14-03-2022 17:20 / Bu xəbər 1004 dəfə oxundu

Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) alıb.

"Turan" bildirir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) martın 14-də açıqladığı beynəlxalq silah transferləri haqda hesabatında deyilir.

Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb.

Dünyada silah ixracatında birinci yeri ABŞ tutur, ümumi tədarük həcminin 39%-i bu ölkənin payına düşür.

2012-2016-cı illərlə müqayisədə ABŞ ixracatı 14 faiz, dünya bazarının xüsusi çəkisində öz payını isə 7% (32% idi) artırıb.

Amerikadan silah ixracının 43 faizi Yaxın Şərqə gedir.

Silah ixracında ikinci yerdə Rusiya Federasiyası gəlir. 

Dünyada silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə 26 faiz azalıb.

Bu, əsasən iki ölkəyə – Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənir.

Fransa 11 faizlə dünyada silah ixracına görə üçüncü yerdədir. 

2012-2016 və 2017-2021-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb.

Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. 

Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb.