Azərbaycan-Ermənistana sərhədindəki qarşıdurmadan kim faydalanır?

Azərbaycan-Ermənistana sərhədindəki qarşıdurmadan kim faydalanır?

12-04-2023 16:33 / Bu xəbər 1571 dəfə oxundu

Şahin Cəfərli

Sərhəddə baş verən gərginliklərin nə Azərbaycana, nə də Ermənistana faydası var. 

2025-ci il yaxınlaşdıqca bu tip provokasiyaların artacağı məlumdur və bunda hansı güclərin maraqlı olduğu ortadadır.   

Rusiya iki dövlət arasında yekun sülhün əldə olunmasını, iki xalq arasında qarşılıqlı etimadın formalaşmasını və problemin qəti çözümünü istəmir, bu baxımdan kontrollu gərginliyin davam etməsində, xalqlar arasında qarşılıqlı etimadsızlığın qalmasında maraqlıdır. 

Bununla paralel, Moskva öz liderliyi altında bölgədə iqtisadi əlaqələrin bərpasını və kommunikasiyaların açılmasını da istəyir, Türkiyə və İranın da cəlb olunması ilə Qərbin regiona müdaxiləsini bloklayan 3+3 tipli formatlar onun Böyük Avrasiya İqtisadi Tərəfdaşlığı konsepsiyasına xidmət edir. 

Moskva bir tərəfdən başa düşür ki, bölgədə uzunmüddətli mövcudiyyətini sırf konfliktlərə istinad etməklə deyil, qarşılıqlı faydalı kimi görünən, işlək çoxtərəfli əməkdaşlıq mexanizmləri vasitəsilə daha dayanıqlı təmin edə bilər; digər tərəfdən isə o, Qərbin və Çinin iqtisadi gücü qarşısında özünü bu sahədə hansısa bir potensial ortaya qoymaq məcburiyyətində hiss edir ki, həmin güclərlə bərabərhüquqlu qlobal iştirakçılığa iddia edə bilsin. 

Azərbaycanlılar və ermənilər arasında barışıq və davamlı sülh İranın ən son istəyəcəyi məsələdir. İran rejimi maraqlıdır ki, iki xalq arasında "cırmaqlaşmalar” davam etsin, Azərbaycan daim bu münaqişə ilə məşğul olsun, bütün enerjisini ermənilərlə konfliktə yönəltsin və başını qaldırmağa macalı qalmasın. 

İranı bu məsələdə Rusiyadan qismən fərqləndirən məqam budur ki, Tehrandakı rejim bir mövcudiyyət problemi hiss edərək özünüqoruma instinkti əsasında hərəkət edir, regional iqtisadi kooperasiya ilə öz təhlükəsizliyini təmin edə biləcəyinə inanmır, bu tip əməkdaşlıq ideyaları ona çox da cəlbedici gəlmir. 

İran Azərbaycanın xarici və təhlükəsizlik siyasəti üzərində mümkün dərəcədə təsir/nəzarət imkanlarına sahib olmağa çalışır, Azərbaycanın məhdud suverenliyi onun üçün daha məqbul modeldir...     

Bütün bu səbəblərdən Azərbaycan olaraq biz Ermənistanla və ermənilərlə düşmənçiliyi davam etdirməyə həvəsli olmamalı və bundan uzaq durmalıyıq. Hər iki tərəf toqquşma riskini ən minimal həddə endirmək üçün qarşılıqlı etimadartırıcı addımlar atmağa başlamalıdır. 

Bakı Ermənistan-Rusiya münasibətlərində yaranmış problemlərin cazibəsinə qapılaraq bunu fürsət olaraq görüb, ondan yararlanmaq yolunu seçməməlidir, çünki belə bir siyasət yekun həllə aparıb çıxarmayacaq. 

Biz Ermənistanla - təbii ki, qarşı tərəfin də sinxron addımları ilə - uzunmüddətli maraqlarımıza uyğun sülhün bağlanmasına çalışıb, bu düşmənçiliyin gələcək nəsillərin də həyatını puç etməsinə imkan verməməliyik. 

Azərbaycan hakimiyyəti "Zəngəzur, İrəvan, Güney söhbətləri ilə insanların duyğularını nə gözəl yönləndirib, hamını ətrafıma toplayıram, nə asan imiş bu işlər” deyə düşünüb, millətçi-dövlətçi patetika ilə insanların hisslərini istismar etməməlidir. Biz bu səhifəni qapadıb, diqqətimizi və enerjimizi digər problemlərin həllinə yönəltməliyik. 

Azərbaycan xalqının probemlərini mən 3 ana başlıq altında qruplaşdırardım: 
1. Hüquqsuzluq;
2. Ədalətsizlik; 
3. Yoxsulluq. 

Ölkədə hər addımda ədalətsizliklə üzləşən yoxsul və hüquqsuz böyük bir kütlənin (xüsusən gənclərin) mövcud olması çox ciddi milli təhlükəsizlik problemidir.