Azərbaycan hökuməti Anar Məmmədli ilə Bəşir Süleymanlıya təzminat ödəyəcək

Azərbaycan hökuməti Anar Məmmədli ilə Bəşir Süleymanlıya təzminat ödəyəcək

02-12-2021 17:09 / Bu xəbər 2616 dəfə oxundu

Avropa Məhkəməsi yenə Azərbaycanı cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi dekabrın 2-də "Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı” adlı işlə bağlı qərarını açıqlayıb.

Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatına alınmasının yubadılmasının, ardınca, qeydiyyatın ləğv edilməsinin qanunsuzluğundan şikayət etmişdilər.

"Şikayətdə qeyd olunub ki, təsisçilər mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət edib. Ancaq nazirlik sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina edib. Bundan sonra mərkəz 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınsa da, apreldə nazirlik qeydiyyatının ləğv edilməsi tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia edilirdi ki, mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişiklikləri, nümayəndəliklərinin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə təşkilatın qeydiyyatını ləğv edib və yuxarı məhkəmələr həmin qərarı qanuni sayıb – "Aihmaz.org” yazıb.

Avropa Məhkəməsi mərkəzin qeydiyyatının yubadılmasının və sonra ləğv edilməsinin qanunsuz olmasından şikayət edən ərizəçiləri haqlı hesab edib.

Məhkəmənin qərarına görə, mərkəzlə bağlı hüquqi prosedurlar həm qeydiyyatın yubadılması, həm də qeydiyyatın ləğv edilməsi kontekstində Konvensiyanın 11-ci maddəsinin pozuntusu ilə müşayiət olunub.

Həmçinin, cavabdeh dövlətin bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə qərar verib.

"Hökumət qərar qəti olduqdan sonra ərizəçilərə mənəvi zərər əvəzi 4500, hüquq xərclərinə görə 1500, digər məsrəflərə görə 600 avro təzminat ödəməlidir”, – Avropa Məhkəməsinin qərarında bildirilir.


Bəşir Süleymanlı və Anar Məmmədli, Foto: RATİ

Mərkəzin təmsilçilərindən Bəşir Süleymanlı Meydan TV-yə deyib ki, bu qərar Azərbaycanda birləşmə hüququ, fundamental azadlıqlarla bağlı vəziyyətin göstəricisidir.

B.Süleymanlının sözlərinə görə, onlar Ədliyyə Nazirliyinə dəfələrlə qeydiyyat üçün müraciət ediblər: "Ancaq 2008-ci ildə nazirliyin mərkəzi qeydiyyata alması gözlənilməz oldu. Qəribədir ki, 100 gün keçməmiş nazirlik qeydiyyatın ləğvi haqda məhkəməyə müraciət etdi və dərhal da icraya yönəltdilər. Halbuki, qeyri-hökumət təşkilatının qeydiyyatının ləğvini dərhal icraya yönəltmək üçün heç bir hüquqi əsas yoxdur. Həm də bizə xəbərdarlıq olunmamışdı”.

"Müvafiq qanunvericiliyə görə, hər hansı təşkilata 3 dəfə xəbərdarlıq ediləndən sonra məhkəməyə müraciət oluna bilər. Əslində, birinci mərhələdə bizi məqsədli şəkildə qeydiyyata aldılar ki, növbəti seçki prosesindən kənarlaşdırsınlar. Yəni sonradan təşkilatın qeydiyyatını ləğv etdilər ki, mərkəzin adından danışa bilməyək. Hökumət buna qismən nail oldu”, – Bəşir Süleymanlı deyib.

2020-ci ilin illik hesabatına görə, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) haqqında ən çox qərar çıxardığı 5 ölkədən biri olub.

AİHM ötən il ümumilikdə 871 qərar qəbul edib: "Qərarlardan 37-si Azərbaycana qarşı çıxarılıb. Həmin 37 qərarında AİHM 91 pozuntunun yol verildiyi qənaətinə gəlib”, – hesabatda yazılıb. 2021-ci ildə bu rəqəmlərin necə dəyişdiyi haqda hələlik hesabat yoxdur.