Azərbaycan hökuməti jurnalistə 20 min avro təzminat ödəməlidir

Azərbaycan hökuməti jurnalistə 20 min avro təzminat ödəməlidir

17-09-2020 16:35 / Bu xəbər 691 dəfə oxundu

AHİM: "Hökumət Avropa Konvensiyasının 5, 6, 8-ci maddələrini pozub"

Sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Ayna-Zerkalo” qəzetinin əməkdaşı "Rauf Mirqədirov Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Şikayət jurnalistin Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbs olunması ilə bağlı olub.

AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – "əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Qərara görə, Azərbaycan hökuməti Rauf Mirqədirova 20 min avro təzminat ödəməlidir.

Rauf Mirqədirov 2014-cü ilin aprelində Türkiyədə jurnalist akkreditasiyasından və yaşamaq icazəsindən məhrum edilib.

Daha sonra o, tələsik Azərbaycana deportasiya edilib, ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılıb.

MTN və Baş Prokurorluğun jurnalistin işi ilə bağlı birgə rəsmi açıqlamasında Mirqədirov "erməni casusu” kimi təqdim edilib.

Jurnalist 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırkı işdə Rauf Mirqədirovun vəkilləri jurnalistin Türkiyədən Azərbaycana gətirilməsi, məhkəməyə qədər həbs edilməsi kontekstində yol verilmiş pozuntuları mübahisələndiriblər.

Şikayət Azərbaycan və Türkiyə Respublikalarına qarşı verilib.

Jurnalistin vəkilləri iddia edib ki, Azərbaycan dövləti jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) maddələrinin pozuntusuna yol verib.

Türkiyəyə münasibətdə isə Konvensiyanın 5-ci və 10-cu maddələrinin pozuntusunun tanınması xahiş edilib.

Məhkəmədən dövlətlərin üzərinə 45 min 300 avro məbləğində (ədalətli əvəzin ödənilməsi) təzminatın ödənilməsi istənilib.

Rauf Mirqədirov hazırda Avropada mühacirətdədir.

Bu, onun AİHM-in icraatında olan iki şikayətdən biridir.