Azərbaycan hökuməti jurnalistə 6 min avro ödəyəcək

Azərbaycan hökuməti jurnalistə 6 min avro ödəyəcək

07-09-2023 14:59 / Bu xəbər 857 dəfə oxundu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 7-də jurnalist Şahvələd Çobanoğlunun işi üzrə qərar verib. 

Qərara əsasən, Azərbaycan hökuməti jurnalistə təzminat ödəyəcək.

Məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumların qadağa qoyması ilə bağlı idi. Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 10 (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusundan da şikayət etmişdi.

Hüquqşünas Xalid Ağalıyevin bildirməsinə görə, hökumət Ş.Çobanoğlunun effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib.

Ş.Çobanoğlunun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən məhdudiyyət qoymuşdu. Jurnalist bildirmişdi ki, bu onun peşə fəaliyyəti ilə bağlı olub. 2020-ci ildə onun ölkədən çıxışına qadağa götürülmüşdü.

Hələlik, qərara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Ş.Çobanoğlu hökumətin fəaliyyətini tənqid edən yazıların müəllifidir. 

Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru işləyib, "Azadlıq" qəzeti və bir sıra media orqanları ilə əməkdaşlıq edib.

2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən bir çoxu AİHM-ə üz tutub.

Sonrakı illərdə ölkədən çıxışı qadağan olunan jurnalistlərdən bəzilərinə (əvvəllər Meydan TV ilə əməkdaşlıq edənlərə) qoyulan məhdudiyyət götürülmüşdü.