Azərbaycan internet azadlığı reytinqində geriləyib

Azərbaycan internet azadlığı reytinqində geriləyib

05-11-2019 13:12 / Bu xəbər 1114 dəfə oxundu

Freedom House təşkilatının son hesabatına görə Qazaxıstan, Sudan, Braziliya və bir sıra başqa ölkələrdə ötən il ərzində internet azadlığı son dərəcə pisləşib.
 
Bu barədə freedomhouse.org məlumat yayıb.

2018-ci il İnternet Azadlığı (Freedom of the Net) hesabatında Azərbaycanın da adı virtual aləmdə sərbəstliyin daraldığı ölkələrin sırasındadır.

Bu hesabatda hökumətlərin son bir il ərzində vətəndaşların güdülməsi üçün sosial mediadan istifadəsinin artmasından bəhs olunur.

Noyabrın 5-də açıqlanmış hesabatda bu da deyilir ki, populist liderlər və onların müttəfiqləri öz ölkələrində daxili siyasətlərin təhrif olunmasına cəhdlər edirlər.

Qeyd olunur ki, bir sıra ölkələrdə müxtəlif rejimlərin hakimiyyətdə saxlanması üçün internet saytlarının bloklanması və internetə girişin bağlanması kimi tədbirlərə əl atılıb.

Şkalaya görə Azərbaycanın qiyməti 60-dır. Müqayisə üçün Gürcüstanda bu rəqəm 25, Ermənistanda isə 27-dir. Qismən azad ölkələr kateqoriyasında olan Azərbaycandan fərqli olaraq Cənubi Qafqazın digər iki ölkəsi azad ölkələr kateqoriyasındadır.

Üstəlik bu da deyilməlidir ki, Azərbaycan bu qiymətləndirməyə görə qismən azad ölkələrlə azad olmayan ölkələr kateqoriyasının düz "sərhədində” yerləşir. Onu azad olmayan Qazaxıstandan cəmi iki bal ayırır.

İnternet azadlığının məhdudlaşdırılmasının xarakterinə gəlincə isə qeyd edilir ki, Azərbaycanda siyasi, dini və sosial materialların bloklanması, hökumətyönlü şərhçilərin müzakirələri manipulyasiya etməsi, internetdə senzuranı gücləndirən qanun və qaydaların tətbiqi, bloger və istifadəçilərin həbsləri və saxlanması, hökumət tənqidçilərinə qarşı texnoloji hücumlar kimi hallar müşahidə olunub.

Bütün bunlara görə hesabatın başqa bir qrafikində Azərbaycanda internet azadlığının pisləşməkdə olduğu görünür. Hesabata görə ötən il ərzində Ermənistanda internet azadlığı yaxşılaşıb, Gürcüstanda isə pisləşib.

Hesabatdakı reytinq qiymətləndirməsinə görə ən azad ölkələr olaraq 6 balla Estoniya və İslandiya göstərilir.

Bu hesabata görə İran, Rusiya və Türkiyədə internet azadlığının vəziyyəti Azərbaycanda olduğundan da pisdir.

Vaşinqtonda mənzillənmiş təşkilatın prezidenti Mike Abramowitz deyib ki, "bir çox hökumətlər sosial mediada təbliğatın senzuradan daha effektiv işləməsini başa düşüblər”.

Hesabat müəllifləri bunu da bildiriblər ki, ötən il hər hansı seçkilərin keçirildiyi 30 ölkədən 26-da dezinformasiyadan istifadə olunub.

Sənəddə deyilir ki, 65 ölkədən 40-da "sosial mediada təkmil izləmə proqramlarının” tətbiq edildiyi müşahidə edilib.

Hesabatda Qazaxıstanın adı xüsusilə vurğulanır. Bildirilir ki, ölkənin avtoritar lideri Nursultan Nazarbayevin istefası və onun təyin etdiyi xələfinin seçkisi internet azadlıqlarının məhdudlaşdırılmasında əsas rolu oynayıb: "Hökumət fəalların susdurulması və rəqəmsal səfərbərliyin əngəllənməsi üçün onlarca yerli və beynəlxalq xəbər saytlarına internet bağlantısını kəsib, sosial media platformalarına girişi məhdudlaşdırıb”.

Hesabatda deyilir ki, Rusiyada sosial mediada təkmil izləmə xeyli artlıb.

May ayında hökumət prezident Vladimir Putin barədə sosial media materiallarının toplanması və təhlili texnologiyalarının inkişaf etdirilməsi üçün şirkətlərdən təkliflərin alınmasına başlayıb.

Hesabatda göstərilir ki, Rusiya və Çin bir sıra başqa ölkələrin demokratik seçkilərinə kiberhücumlarla müdaxilədə iştirak edib.

Freedom House internet azadlığını yenə də 0-100 bal şkalası ilə qiymətləndirib.

Burada "0” şərti olaraq internetin ən azad səviyyədə olmasını, 100 bal isə ən pis vəziyyətdə olmasını göstərir.