Azərbaycan İrana nota verdi: "İran hərbi təyyarələri təxribat törədib"

Azərbaycan İrana nota verdi:

11-03-2023 16:38 / Bu xəbər 1020 dəfə oxundu

"İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə bəyanatında qeyd olunub.

"İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq", - birgə bəyanatda qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı İrana nota verib.

Martın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.

11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.