Azərbaycan jurnalistlərinin şikayəti üzrə kommunikasiya başlayıb

Azərbaycan jurnalistlərinin şikayəti üzrə kommunikasiya başlayıb

12-06-2018 18:31 / Bu xəbər 2343 dəfə oxundu

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan jurnalistlərinin şikayətləri üzrə kommunikasiyaya başlayıb.

Vəkil Fariz Namazlının "Facebook" səhifəsində yaydığı məlumata görə, Milli Məclisin keçmiş deputatı Cəlal Əliyevin şikayəti üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə həbs olunan Yaşar Ağazadə və Rövşən Mahmudovun şikayəti üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunun olub-olmaması ilə bağlı;

2009-cu ildə Təhmasib Novruzovun şikayəti əsasında Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən jurnalist Sərdar Əlibəylinin 2 şikayəti üzrə;

Əli Rəşid oğlu Həsənov adlı jurnalistin 2008-ci ildə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 ay müddətinə məhkum edilməsinə dair şikayəti üzrə kommunikasiya başlayıb.

2007-ci ildə deputat Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. "A.M.A.Y - Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Cəlal Əliyev tərəfindən himayə olunması göstərilib.

2009-cu il 22 iyulda "Nota" qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyev Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqir (maddə 148) ittihamına görə Nizami Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılıb.

"İdeal" qəzetinin baş redakoru Əli Həsənov vətəndaş Səbirə Məmmədovanın iddiası əsasında Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilinərək 2008-ci il noyabrın 14-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 ay, vətəndaş Fəxrəddin Qasımovun iddiası əsasında 2 ay, ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilib. Əli Həsənov Milli Məclisin qəbul etdiyi amnistiya aktı ilə 2009-cu il aprelin 10-da azadlığa buraxılıb.