“Azərbaycan kənd təsərrüfatı məhsullarını normaya uyğun təmin edə bilmir”

“Azərbaycan kənd təsərrüfatı məhsullarını normaya uyğun təmin edə bilmir”

17-08-2020 18:30 / Bu xəbər 1971 dəfə oxundu

Vahid Məhərrəmli: "Ölkənin tələbatı qədər ərzaq məhsullarının hansı mənbədən əldə edilməsi hələ də qeyri-müəyyəndir”

"Ölkənin ərzaq təhlükəsizliyinə təminat yoxdur. Dövlət son illər bu istiqamətdə "Strateji Yol Xəritəsi” və digər dövlət sənədləri qəbul etsə də, sahədə vəziyyət heç də yaxşılaşmır”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli belə deyir. 

Bildirir ki, Azərbaycan çörək, tərəvəz və bostan məhsulları istisna olmaqla, digər kənd təsərrüfatı məhsulları ilə özünü Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) və BMT-nin FAO təşkilatının müəyyən etdiyi normaya uyğun təmin edə bilmir.

Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib:

"Ancaq ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik”.

Vahid Məhərrəmli bildirir ki, İlham Əliyevin səsləndirdiyi bu fikir Azərbaycan hakimiyyətinin indiyə kimi ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı konkret hədəflər müəyyən etmədiyini deməyə əsas verir:

"Xatırladım ki, hələ 2014-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda İlham Əliyev demişdi ki, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Hətta bildirmişdi ki, guya son illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilib. Prezident rəqəmlər də səsləndirmişdi. Guya ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94, quş əti isə 92 faizdir. Yumurta 96,5, süd və süd məhsulları isə 75 faizdir. Ölkə başçısının 2018-ci ilin martında Bərdədə keçirilən müşavirədəki çıxışını dinlədikdə isə belə nəticəyə gəlmək olar ki, artıq Azərbaycan hökuməti əhalinin ərzaq təhlükəsizliyini təmin etmək imkanındadır”.

Vahid Məhərrəmov
Mənbə: Meydan TV

İlham Əliyev Bərdədəki müşavirədə çıxışı zamanı bildirmişdi ki, Azərbaycan ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə özünü tam təmin edir. Yaxud təmin etmənin bir addımlığındadır:

"Ət istehsalı təxminən 100 faizə yaxındır. Azərbaycan bununla özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik. Yəni, bu sahələr prioritet idi”.

Vahid Məhərrəmli soruşur, görəsən nə baş verdi ki, ölkə başçısının builki çıxışı əvvəlki illərdəki açıqlamalarından fərqlənir:

"İndi İlham Əliyev birdən-birə deyir, ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Axı İlham Əliyevin hələ 2018-cü ildə özünütəminetmə səviyyəsi ilə bağlı səsləndirdiyi göstəricilər az qala ölkənin ərzaq təhlükəsizliyini tam təmin edəcək səviyyədə idi. İndi prezident tam əksini deyir”.

Vahid Məhərrəmli deyir, dövlət başçısının açıqlamasından belə qənaətə gəlmək olar ki, hakimiyyət indiyə kimi ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı konkret hədəfləri müəyyən etməyib:

"Bundan əlavə, ölkənin tələbatı qədər ərzaq məhsullarının hansı mənbədən əldə edilməsi hələ də qeyri-müəyyəndir. O da müəyyən deyil ki, Azərbaycan hansı həcmdə ərzaq, yaxud da kənd təsərrüfatı məhsulları istehsal edəcək. Bu o deməkdir ki, ölkənin ərzaq təhlükəsizliyinə təminat yoxdur”.///Meydan.Tv