''Azərbaycan kino sahəsində Gürcüstan və Ermənistandan geridə qalıb''

''Azərbaycan kino sahəsində Gürcüstan və Ermənistandan geridə qalıb''

02-10-2018 14:41 / Bu xəbər 3065 dəfə oxundu

 Aqil Abbas: "Pul qazanmışam ki, sənə də verim?”

Milli Məclisin iclasında deputatlar Azərbaycanda kino sahəsinin inkişaf etmədiyi barədə danışıblar.

Deputat Fazil Mustafa deyib ki, Azərbaycan kino sahəsində Gürcüstan və Ermənistandan geridə qalıb. 

Halbuki maddi imkanlarımız onlardan genişdir, amma dünya kinosuna normal filmlər təqdim edə bilmirik. 

Bu gün Azərbaycan kinosunun inkişafı arzuolunan səviyyədə deyil. 

O bildirib ki, kino həm də biznes sahəsidir və bu sahənin inkişafı üçün qanunvericiliyə müəyyən dəyişikliklər etmək vacibdir.

Deputat Aqil Abbas isə kinoya ayrılan puldan dərhal vergi tutulmasına etiraz edib: "Deyirlər ki, kino çəkilmir. Əvvəla, kinoya pul buraxılır. Adətən, görmüşük ki, pul qazanılan şeydən vergi verirlər. Tutaq ki, Azərbaycanda kinonun çəkilməsi üçün 1 milyon 500 min manat pul ayrılır. Amma o pul gəlib çatmamış Vergilər Nazirliyi onun 300 min manatını tutur. Pul qazanmışam ki, sənə də verim?”

Deputat Hikmət Babaoğlu da çıxışı zamanı Azərbaycanda çəkilən filmlərlə bağlı fikirlərini bildirib: "Azərbaycanda milli seriallar, kinolar çəkilir. Lakin onların keyfiyyəti, akutallığı və milli maraqlar baxımından izah olunması bir qədər mürəkkəbdir. Bəlkə filmlərin çəkilməsi ilə bağlı şuralar yaradılmalı, ssenarilər həmin şuralar vasitəsilə qiymətləndirildikdən sonra filmlər çəkilməlidir. Əgər onlar milli maraqlarımıza, milli-mənəvi dəyərlərimizə cavab vermirsə, belə filmlərə sərmayə qoymaq lazım deyil”.

Milli Məclisin 2018-ci payız sessiyasının qanunvericilik işləri planına "Kinematoqrafiya haqqında" qanun layihəsi də daxil edilib. Hələlik qanun layihəsi ictimaiyyətə açıqlanmayıb.