Azərbaycan məhkəməsindən Samir Sədaqətoğlu haqqında növbəti qərar

Azərbaycan məhkəməsindən Samir Sədaqətoğlu haqqında növbəti qərar

10-11-2022 13:38 / Bu xəbər 536 dəfə oxundu

Lənkəran Rayon Məhkəməsində hazırda İsveçrədə siyasi mühacir həyatı yaşayan "Civilazerbaijan.com” saytının təsisçisi və baş redaktoru, yazıçı-jurnalist Samir Sədaqətoğlu (Hüseynov) haqqında "Premium Hoteli”in rəhbəri Məmmədov Rasim Eldar oğlunun iddiası əsasında məhkəmə iclası keçirilib. 

Hakim Toğrul Məhəmməd oğlu Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iddianı təmin edərək Samir Sədaqətoğlunun əleyhinə qərar qəbul edib. 

Qətnaməyə görə, Samir Sədaqətoğlu "Premium Hotel” haqqındakı araşdırma məqaləsini saytdan çıxarmalı, iddiaçının şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələdiyinə görə sayt vasitəsi ilə üzr istəməli və mənəvi ziyana görə 1000 manat, məhkəmə xərclərinə görə isə 120 manat iddiaçı Rasim Məmmədova ödəməlidir.   

Məsələylə bağlı "Arqument.az"a açıqlama verən Samir Sədaqətoğlu məlum məhkəmə qərarını Azərbaycanda təməl insan haqlarının, söz, mətbuat və ifadə azadlığının növbəti dəfə kobud şəkildə pozulması kimi şərh edib: 

"Qərarla çox gec tanış olmaq imkanım olub. Hesab edirəm ki, bu məhkəmə qərarı siyasi qərardır və güman edirəm ki, bu mənim xüsusən son zamanlarda Avropadakı ictimai-siyasi fəaliyyətimlə, habelə müxtəlif dövrlərdə burada yayımlanan bir sıra məqalələrimlə bağlıdır. Apellyasiya şikayətini son anda hazırlayıb göndərə bildik”.

Apellyasiya şikayətini vəkil Fariz Namazlının hazırladığını bildirən Samir Sədaqətoğlu hər şeyə rəğmən sona qədər mübarizə aparacağını, ölkədaxili məhkəmə instansiyalarında pozulmuş hüquqlarını bərpa etmək mümkün olmazsa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edəcəyini bildirib.

"Mən Azərbaycan hökümətini ölkədən min kilometrlərlə uzaqda məni və digər həqiqi siyasi mühacirləri rahat buraxmağa, getdikcə dövlətimizin imicinə daha çox ziyan vuran "siyasi mühacir ovu”na son qoymağa dəvət edirəm. Mən həmçinin Azərbaycan hökümətini dövlətin enirjisini və resurslarını mənimlə bu cür mənasız, prespektivsiz və qanunsuz formada mübarizəyə sərf etməkdənsə, Avropa İnsan Hüquqları Məhkəməsinin hal-hazırda Avropa Şurası Nazirlər İttifaqının nəzarətində olan Rafiq Tağı və mənimlə bağlı qərarı ilə əlaqədar prosesi təcili şəkildə sürətləndirməyə, təqribən 10 gün sonra qətlinin 11 ili tamam olacaq mərhum Rafiq Tağının qətli ilə bağlı cinayət işinin icraatını bərpa etməyə və onun qatillərini və bu qətli sifariş verənləri axtarıb taparaq məhkəmə qarşısına çıxarmağa dəvət edirəm”, - deyə Samir Sədaqətoğlu bildirib. 

Daha sonra Samir Sədaqətoğlu qeyd edib: "Bu əsnada diqqətimi çəkən maraqlı bir məqam var. Azərbaycanda haqqımda bu məhkəmə qərarının verilməsi, İsveçrədə süni şəkildə yaradılmış bəzi problemlərlə üzləşməyim və İran İslam Respublikasının Azərbaycana qarşı son dövrlər yenidən fəallaşması – bu üç prosesin təqribən eyni zaman kəsiyində və təqribən paralel olaraq baş verməsi həddindən artıq heyrətimə səbəb olub. Yeri gəlmişkən, Azərbaycan hökümətinə səslənirəm: məni vətənimdən didərgin salmaları kifayət etmirmi? Əgər mən bildiklərimin kiçik bir hissəsini danışmağa başlasam, nələr baş verəcəyini təsəvvür edirlərmi? Və inanıram ki, İsveçrənin müvafiq dövlət qurumları təhlükəsizliyimlə bağlı lazımı bütün tədbirləri həyata keçirir”.

2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilib.

Yazıçı-publisist R. Tağının sözügedən məqaləsində islam dini haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra R. Tağı və S. Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub. 

"Avropa və biz" yazısında isə islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. 

Məqalə dərc edildikdən sonra R. Tağıya və qəzetin Baş redaktoru S. Sədaqətoğluna qarşı dindarlar tərəfindən böyük və ardı-arası kəsilməyən təzyiqlər başlayıb, yerli dindarlar (Nardaran icması) və İranın bir neçə ali dini ruhanisi - Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbüstəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.

Hər iki yazar 2006-cı ilin noyabrında həbs ediliblər. 

Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli biliniblər. 

Məhkəmə R. Tağını 3 il, S. Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum edib.

5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum yazıçı-publisist Rafiq Tağı və onun həmkarı - "Sənət qəzeti"nin təsisçisi və baş redaktoru Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti - "Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. 

AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.

R. Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bıçaq zərbələri alıb, dörd gün sonra isə xəstəxanada müəmmalı şəraitdə vəfat edib.

7 iyul 2022-ci il tarixdə isə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rafiq Tağının qətlinə dair iş üzrə qərar çıxarıb.

AİHM bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğunu müəyyən edib. 

Qərara əsasən, Azərbaycan hökuməti iddiaçıya – mərhumun xanımına 12 min avro, məhkəmə xərclərinə görə isə 2 min avro kompensasiya ödəməlidir.

R.Tağının qətli ilə bağlı istintaq 2013-cü ildə cinayətkar(lar)ın müəyyən edilməsi mümkün olmaması əsası ilə dayandırılmışdı. 

Milli məhkəmələr ərizəçinin istintaqın dayandırılması ilə bağlı qərardan verdiyi bütün şikayətləri rədd etmişdilər.