Azərbaycan Müdafiə Nazirliyi: "Şuşa yenidən atəşə tutulub"

Azərbaycan Müdafiə Nazirliyi:

15-07-2021 11:46 / Bu xəbər 2012 dəfə oxundu

Ermənistan tərəfi atəşkəsin pozulması ilə bağlı açıqlama yaymayıb

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqelərinin yenidən atıcı silahlardan atəşə tutulduğu deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb: "Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb".

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığını vurğulayıb.

Ermənistan tərəfi atəşkəsin pozulması barədə məlumat yaymayıb.

Xatırlatma

İyunun 13-də Şuşada, dünən isə Naxçıvan istiqamətində atəşkəs pozulmuşdu.

Naxçıvanda atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbadulla Mərdanlı yaralanıb, ona ilkin tibbi yardım göstərilib və tibb müəssisəsinə təxliyə olunub".

Erməni tərəfi isə bir hərbçinin öldüyü haqda məlumat yayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. 

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.

Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.

Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.